Rusiya Abxaziyada hərbi dəniz bazası yaradır

09:05 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Qara dəniz donanması üçün separatçı bölgə olan Abxaziyada inşa etməyə başladığı yeni hərbi dəniz bazasının bu ilin sonunda istifadəyə verilə biləcəyi açıqlanıb.

Hafta.az-ın yazdığına görə, Abxaziya “Təhlükəsizlik Şurasının” katibi Sergey Şamba bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələri üçün tikintisinə tezliklə başlanacaq daimi baza 2024-cü ilin sonuna kimi fəaliyyətə başlaya bilər.

Hazırda yeni Rusiya hərbi-dəniz bazası üçün layihələndirmə işləri davam edir.

Abxaziya “Təhlükəsizlik Şurasının” katibi bəyan edib ki, Rusiya hərbi gəmilərinin daimi bazasının yerləşəcəyi Oçamçira körfəzində tikinti işlərinə hələ başlanmayıb, bazanın layihələndirmə işləri hazırda davam edir, lakin tikinti bu il başa çatdırıla bilər.

“RİA Novosti”nin məlumatına görə, Abxaziya Təhlükəsizlik Şurasının katibi Rusiyanın da bu kontekstdə Abxaziyanın təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdüyünə diqqət çəkib.

Sergey Şambanın sözlərinə görə, bu təhlükəsizlik təminatları fasiləsiz həyata keçirilir. 2008-ci ildən bəri Abxaziyanın dəniz sularında gəmilərin tutulması və ya Gürcüstan sərhədində gərginlik halları qeydə alınmayıb.

2023-cü ilin oktyabrında Abxaziya “prezidenti” Aslan Bjaniya Oçamçira körfəzində Rusiya Hərbi Dəniz Qüvvələri bazasının açılmasına dair sazişin imzalandığını elan edib.

Gürcüstan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı narahatlığını ifadə edərək, razılaşmaları “Gürcüstanın Abxaz və Sxinvali rayonlarının qanunsuz işğalını qanuniləşdirmək üçün yeni cəhd” adlandırıb.

Rusiya Cənubi Osetiya və Abxaziyanın qondarma müstəqilliyini 15 ildən çox əvvəl - 2008-ci il avqustun 26-da, o vaxtkı prezident Dmitri Medvedyevin hakimiyyəti dövründə tanıyıb.