Xəbər verildiyi kimi, dünən - avqustun 21-də Rusiya Federasiyası Zakarpatya vilayətinin Mukaçevo şəhərində Amerika müəssisəsini vurub. Bu, Moskvanın Ukrayna ərazisində xaricə məxsus biznesə ilk zərbəsi deyil.
Hafta.az xəbər verir ki, bunu "UNİAN" yazır.
Ukraynadakı Amerika Ticarət Palatasının prezidenti Endi Hander "Associated Press" agentliyinə bildirib
ki, Mukaçevodakı "Flex" zavodu Amerikanın Ukraynadakı ən böyük investisiya layihələrindən biridir. O həmçinin qeyd edib ki, zərbə zamanı 600 gecə növbəsi işçisi binada olub.
"Mesaj aydındır: Rusiya sülh axtarmır. Rusiya Ukraynadakı Amerika biznesinə hücum edir, Amerika biznesini aşağılayır", - deyə Hander vurğulayıb.
Onun sözlərinə görə, ruslar tammiqyaslı işğal başlayandan bəri Ukrayna ərazisinə endirdikləri zərbələrlə palatanın 600-ə yaxın üzvünün yarısından çoxunun əmlakına ziyan vurub.
Xatırladılır ki, avqustun 21-nə keçən gecə rus qoşunları Zakarpatya vilayətinin Mukaçevo şəhərinə hücum edib. Düşmənin hücumu nəticəsində müəssisələrdən birinə ziyan dəyib.
İlkin olaraq çoxlu sayda insanın yaralandığı, yaralıların Müqəddəs Martin xəstəxanasına aparıldığı bildirilirdi. Daha sonra 19 nəfərin yaralandığı məlum olub.