“Azərbaycanın regionda yaratdığı siyasi reallıq Rusiyanın postsovet imperiya sindromundan xilas ola bilmədiyi üçün psixoloji böhrandır”.
Bunu açıqlamasında Hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert qeyd edib ki, Azərbaycan dövləti yeni bir mərhələyə - tam suverenliyə qədəm qoyub. Və bu, sadəcə hərbi qələbə və ərazi bütövlüyünün bərpası deyil, həm də informasiya məkanında, regional diplomatiyada, milli dövlətçilikdə siyasi müstəqillikdir.
V.Dadaşov vurğulayıb ki, III Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya sahəsindəki qlobal təşəbbüslərinin zirvəsi sayıla bilər:
“Burada daha önəmli məqam odur ki, Forumda iştirak edən bəzi rusiyalı jurnalistlər və tanınmış ekspertlər sadəcə qonaq deyildilər, eyni zamanda həqiqətin şahidləri və daşıyıcıları idilər. Onların Azərbaycana səfəri, Şuşada çıxışları və ölkəmizin regional mövqeyini dəstəkləyən fikirləri Rusiyada birmənalı qarşılanmadı. Rusiyanın bəzi informasiya agentliklərində çalışan jurnalistlərə qarşı təzyiqlər başladı. “TASS” İnformasiya Agentliyinin birinci müavini Yuli Qusmanın Şuşa Forumunda iştirak etdikdən qısa müddət sonra işdən çıxarıldı. Onun ardınca Markov kimi digər rusiyalı ekspertlərə də açıq və gizli şəkildə təhdidlər edildi. Bu, təkcə fərdi münasibət deyil, Kremlin Azərbaycana qarşı yönəlmiş siyasi qısqanclığının açıq təzahürüdür”.
V.Dadaşov hesab edir ki, Rusiya mətbuatının son dövrdə sərgilədiyi qeyri-peşəkar, manipulyativ yanaşması bu çərçivədə dəyərləndirilməlidir:
“Xankəndi Azərbaycanın tərkibindəki rəsmi şəhərdir. Amma rus mətbuatı tərəfindən qəsdən “srştepanakert” kimi uydurma adlarla təqdim olunur. Bu, birbaşa informasiya təxribatı və Azərbaycanın suverenlik hüququna qarşı basqısıdır. Əlbəttə məqsəd aydındır: tarixi reallığı təhrif etmək, informasiya vasitəsilə siyasi revanşist həvəs oyatmaq”.
O, bununla yanaşı Rusiya Xocalıda yerləşən və sovet dövrünün simvolik elementlərindən olan rus rəssamının abidəsinin götürülməsinə də birmənalı yanaşmayıb. Halbuki burada təəccüblü bir şey yoxdur:
“Azərbaycan artıq öz torpaqlarında kimə nə qədər hörmət ediləcəyinə özü qərar verir. Bu, təkcə mədəni məsələ deyil – bu, siyasi iradənin və ideoloji sərhədlərin müəyyənləşdirilməsidir. Əgər o heykəl Azərbaycan xalqının tarixini, ağrılarını və suverenliyini təhqir edirsə, onun orada qalması mümkün deyil. Bütün bu məsələlər göstərir ki, Rusiya nəinki Azərbaycanın siyasi müstəqilliyini, hətta mədəni və informasiya müstəqilliyini də qəbul etmək istəmir. Lakin bu, artıq mümkünsüzdür. Azərbaycan nə 90-cı illərin zəif dövləti, nə də 2000-ci illərin balans axtaran region ölkəsidir. Bu gün Azərbaycan diktə edən tərəfdir – həm informasiya məkanında, həm də siyasi müstəvidə. Əgər Rusiya bu reallığı qəbul etmirsə, artıq bu bizim problemimiz deyil”.