Rusiya bütün Azərbaycanı nəzarətdə saxlamaq istəyir - Sərdar Cəlaloğlu  

11:41 29.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Regionun geosiyasi mənzərəsi gərgin olaraq qalır. İşğalçı Ermənistan revanşist siyasətindən əl çəkib Azərbaycanın sülh təkliflərinə adekvat cavab vermir, sülh müqaviləsinə imza atmaqdan yayınır. Ermənistan sülhdən qaçdıqca vasitəçi dövlətlərin, beynəlxalq təşkilatların prosesə müdaxiləsi artır, “danışıq masaları” gah Avropada, ABŞ-da, gah da Rusiyada təkrar-təkrar açılır. Belə bir mənzərənin fonunda region nəyə şahidlik etməkdədir? “Həftə içi” qəzetinə müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu digər ölkə gündəmi ilə bağlı maraqlı məsələlərə diqqət çəkib.

- Qarabağ bölgəsində hazırkı vəziyyət necədir? Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə ermənilər hərbi təlimlər keçir...

- Hadisələr göstərir ki, Rusiya Cənubi Qafqazı nəzarətdə saxlamaq, bir tərəfdən, Ermənistandakı hərbi bazanı əldən verməmək üçün əsas hazırlayır, digər tərəfdən, daha bir neçə il Qarabağda “sülhməramlı” adı altında qalmaq məqsədilə bölgədə gərginlik yaradır. Ermənistan-Azərbaycan münasibətlərini kəskinləşdirmək mövqeyi ortaya qoyur. Rusiyanın regiondakı böyük oyununun mahiyyəti Azərbaycanı və Ermənistanı Qarabağ münaqişəsi əsasında eyni vaxtda öz imperial maraqları çərçivəsinə salmaq, hər iki dövləti  idarə etmək, onları nəzarətdə saxlamaqdır. Yəni regionda baş verən hadisələrin bir məqsədi var: Rusiya bölgəni əldən vermək istəmir və hər hansı başqa qüvvənin də bölgəyə girməsini qəbul etmir. Ona görə də regionda müxtəlif bəhanələrlə oyunlar qurur, mülki, hərbi erməniləri öz sosial, hərbi  bazası olaraq təlimatlandırır. Regiondakı gərginliyin əsasında dayanan əsas məsələ də budur.

– Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüş keçirildi. Necə hesab edirsiniz, Rusiyanın hazırda sərgilədiyi mövqe nəyə yönəlikdir, hansı gözləntilərimiz var? 

- Azərbaycan və Ermənistan dövlət başçıları Brüsseldə Avropa Birliyinin təşəbbüsü ilə bir necə yüksək ranqlı görüşlər keçiriblər. Moskva, Vaşinqton isə xarici işlər nazirləri səviyyəsində görüşləri təşkil edir. Ona görə də bizim üçün ən önəmlisi Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin bilavasitə iştirakı ilə olan görüşlərdir. Xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşlər isə ikincidərəcəli əhəmiyyət kəsb edir. Bu cür görüşlərdə münaqişənin taleyi ilə bağlı ciddi qərarların qəbul edilməsi mümkün deyil. 

- Rusiya regiondan çıxmaq istəmirsə, o zaman Zəngəzur dəhlizinin açılmasında hansı halda maraqlı ola bilər?

- Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil.  Sadəcə olaraq, Zəngəzur dəhlizi beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyətə malikdir. Rusiya Zəngəzur dəhlizinin əleyhinə çıxmaqla, Çin də başda olmaqla bir çox dövlətlərlə üz-üzə gəlmək istəmir. Ona görə də formal olaraq bir tərəfdən, Zəngəzur dəhlizinin açılmasında özünü maraqlı göstərir, digər tərəfdən, dəhlizin açılmasına ciddi şəkildə əngəl olan Qarabağ ətrafında konfliktin inkişaf etməsinə səy göstərir.

- Rus hərbçilərinin Zəngəzur dəhlizinin təhlükəsziliyini nəzarətə götürməsinin region, eləcə də Rusiya üçün əhəmiyyəti, mənfi, müsbət tərəfləri nədir?

- Zəngəzur dəhlizinin Rusiya tərəfindən nəzarətə götürülməsi, faktiki olaraq, bu dəhlizdən istifadə edən bütün dövlətlərlə iqtisadi əlaqələrə nəzarət eləmək, lazım gələndə onlara müdaxilə etmək imkanı yaradır. ABŞ, Çin, Türkiyə, Avropa ölkələri Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə keçməsi ilə barışa bilməz. Bu, əslində, dəhlizdən istifadə edən ölkələrin  hamısının Rusiyadan asılı vəziyyətə düşməsinə gətirib çıxarar. 

– Moskvaya əlini gücləndirə biləcək rıçaq lazımdırsa, bu,  Zəngəzur dəhlizi ola bilər. Bununla Moskva regional kommunikasiyalarda, o cümlədən, Avrasiyanı bu kommunikasiyalara birləşdirəcək nəqliyyat xətlərində paya sahib olacaq. Bakı və Ankara Moskvanı bu yolla Qarabağdan çıxara bilərmi?

- Moskva tək Zəngəzur dəhlizini nəzarətə götürməklə kifayətlənmir. O, Azərbaycanı nəzarətdə saxlamaq üçün ərazilərimizə hərbi qüvvə yerləşdirmək istəyir. Bunun üçün də Qarabağ məsələsindən istifadə edir. Ona görə də bu iki məsələnin bir-biri ilə heç bir əlaqəsi yoxdur.  Zəngəzur dəhlizi bütünlükdə Moskvanın nəzarətinə verilsə belə, yenə də Moskva Qarabağ oyunlarından əl çəkməyəcək.

– Prezidentin təcrübəli diplomatlardan ibarət xüsusi tapşırıqlar üzrə müşavirlərinin təyin olunması nəyi ifadə edir, əhəmiyyəti nədir?

- Prezidentin xüsusi məsələlər üzrə müşavirinin təyin edilməsi dünya təcrübəsinə uyğundur. Dünyanın əksər dövlətlərində xüsusi məsələlərlə bağlı məsul adamlar, qeyd etdiyiniz kimi, xüsusi tapşırıqlar üzrə müşavirlər olur. İndiki halda görünür, Prezidentə bəzi ciddi məsələləri həll etmək üçün xüsusi adamların ayrılması vacibdir. Bu adamlar birbaşa Prezidentin özünə tabe olur. Bu həm də görülən işlərin gizliliyini təmin etmək, operativliyi artırmaq üçün çox önəmlidir. Hər halda dünya təcrübəsinə əsaslanan müsbət addımdır.

- Siyasi partiyaların reyestri ilə bağlı mövcud durum necədir? Siyasi partiyalar hansı mərhələdən keçir?

- Azərbaycandakı siyasi partiyalar sistemi özünün böhran dövrünü yaşayır. Bir tərəfdən, ölkədə olduqca apolitik kütlə var, siyasi partiyalara maraq, demək olar ki, yoxdur. Digər tərəfdən, qəbul edilmiş qanunlar siyasi fəaliyyəti olduqca məhdudlaşdırır. Bu da siyasi partiya funksionerlərinin siyasi fəaliyyətə marağını azaldır.

- ADP reyestrdən keçə biləcəkmi?..

- Azərbaycan Demokrat Partiyasının Ədliyyə Nazirliyinə göndərdiyi  siyahıda üzvlərinin partiyaya qəbul olunması ilə bağlı ərizələr, protokollar, şəxsi işlər, onlara zəmanət verən adamların siyahısını qanunauyğun şəkildə təqdim edib. Bəzi partiya üzvü olan adamlar qorxudan bu prosesdə iştirak etməkdən imtina edə bilər. Biz onların partiya üzvü olduqlarını sübut edəcəyik. Faktiki olaraq Ədliyyə Nazirliyinə göndərdiyimiz siyahıda hər hansı bir çatışmazlıq yoxdur.

- Nəticədə neçə siyasi partiya qala bilər?..

- Azərbaycan reallığı üçün maksimum 5-6 partiyanın fəaliyyətinə əsas var. Həm əhalinin sayını, həm ideoloji yönümləri, həm xalqın siyasi fəallığını nəzərə alaraq bu fikirdəyəm. Xalqın bu qədər siyasi cəhətdən passiv olduğu şəraitdə yüzlərlə partiyanın olmasına ehtiyac yoxdur. Mövcud olan partiyalar belə, klassik mənada fəaliyyət göstərə bilmir. Ona görə də düşünürəm, maksimum iqtidarlı-müxalifətli 10 partiya olsa və doğrudan da bu partiyaların fəaliyyətinə imkan, şərait yaradılsa, Azərbayanda çoxpartiyalı siyasi sistemə keçid mümkün olar.

– İndiki mərhələdə vətəndaş hansı təkliflə referendumun keçirilməsini istəyə bilər?

- Seçki ilə bağlı referendum yalnız bir halda keçirilə bilər; o da seçki sisteminin dəyişdirilməsi ilə bağlıdır. Yəni mojaritar seçki sistemindən başqa, proporsional seçki sistemi tətbiq edilərsə bu, müsbət hal ola bilər. İndiki halda isə bu az ehtimal olunur.

Düşünürəm, Azərbaycanda nə qədər ki, proporsional seçki sistemi tətbiq olunmur, siyasi partiyaların mövcudluğu, maraqları getdikcə böhran vəziyyətinə düşəcək.