“Cənubi Qafqaz ölkələrində Rusiyanı Pakistan, Türkiyə, qərb ölkələri ilə əvəzləmək ritmi var. Çünki bu gün Rusiyanın Ukraynadakı siyasəti Cənubi Qafqazı da narahat edir. Hamı yaxşı başa düşür ki, bu gün Ukraynanı dağıdan Rusiya sabah ağzını Qafqaza da çevirə bilər”.
Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib.

Ekspert qeyd edib ki, Rusiya artıq Cənubi Qafqaz üçün cazibədar deyil, əksinə, təhdiddir:
“Rusiya milli dövlətə çevrilib qonşuları ilə dinc, yanaşı yaşamaq istəyində deyil. "Cin" vurmuş adam kimi ora-bura dartınıb yenidən imperiya olmaq istəyir. Bir çox hallarda keçmiş sovet respublikalarını qınayır, hədələyir, gizli müstəmləkələr kimi davranr, bəzən də bu əraziləri başqalarına verməyəcəklərini bəyan edir. Yəni Rusiya özünü sivil dövlət kimi aparmır. Rusiyanın hərəkətləri bütün bölgəni narahat edir”.
Ə.Mustafa bildirib ki, yeni reallıqlar və regionda gedən proseslər Zəngəzur dəhlizinin açılmasını zəruri edir və burada Rusiya və İran, Fransa kimi dövlətlər bununla barışmağa məcburdur. Yolların, dəhlizlərin açılması paralel olaraq regionda sülhün təmin edilməsini zəruri bir tələb kimi ortaya qoyur. Və Ermənistan kimi işğala meyilli dövlətlər bu reallığı qəbul etməlidir.