Rusiya daha çox kömək istəyən dövlətdir - Siyavuş Novruzov

18:26 15.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Ataturkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlmələri bu gün böyük türk sərkərdəsinin sələfi tərəfindən qürur hissi ilə həyata keçirilir. Azərbaycan “Ulu öndər Heydər Əliyev ilində, həm də Qurtuluş Gününün 30-cu, Şuşa Bəyannaməsinin 3-cü ilini qeyd edir. “2023-cü il Heydər Əliyev İli”ndə Qurtuluşun və Şuşa Bəyannaməsinin ildönümlərinin Türkiyə ilə birlikdə qeyd olunması dünyaya  daha hansı mühüm mesajlardan xəbər verir? “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Siyavuş Novruzov bu təqvimin əhəmiyyətinə diqqət çəkib.

–15 İyun – “Qurtuluş Günü”nə – gedən yol nədən başlayır, xalqımız üçün hansı əhəmiyyətə malikdir? 

–  “Qurtuluş Günü” Azərbaycan xalqının tarixinə yazılmış ən gözəl, müstəqilliyə bərabər günlərdən biridir. Qurtuluş olmasaydı, müstəqilliyimizi saxlamaq mümkün deyildi.  Qurtuluşa gələn yol isə qayıdışdan başlayır.  Ulu Öndərin yenidən Bakıya qayıtması ölkə daxilində hərc-mərcliyin,  vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Ölkədə qan tökülmədən hüquqi, demokratik dövlətin qurulmasına başlanıldı. Ulu Öndər elə bir siyasət həyata keçirdi ki, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələrindən birinə döndü. Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib. Azərbaycan Prezidenti ölkəmizi bütün beynəlxalq tədbirlərdə çox  yüksək səviyyədə  təmsil edir. Bu gün onun arxasında Azərbaycan xalqı dayanıb.  O, Azərbaycan xalqına arxalanıb, onun adından danışıb bütün dünyada Vətənimizin maraqlarını müdafiə edir. Ulu Öndərin gördüyü işlərin ən böyüyü və ən önəmlisi,  hakimiyyətin sivil yolla gələcək nəsillərə ötürülməsi,  hakimiyyətin, dövlətin  gücləndirilməsi idi.  Bu da ölkədə azad, ədalətli, demokratik seçki sisteminin qurulması ilə tənzimləndi. Ulu Öndər  gələndən sonra, qeyri-qanuni, silahlı yolla hakimiyyətə yiyələnmək istəyən qüvvələrin qarşısını aldı. Hakimiyyyətin mənbəyi xalqdır, xalq kimi istəyirsə, onu da seçir.

– 15 İyun tarixi “Şuşa Bəyannaməsi”nin imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin zirvəsi kimi mühüm tarixi hadisələrdən biri kimi qeyd olunur. “Şuşa Bəyannaməsi ölkələrimizə nə vəd edir?

– “Şuşa Bəyannaməsi” Qars müqaviləsinin 100 illiyi ərəfəsində Şuşada bağlandı. “Şuşa Bəyannaməsi” Qarabağın, Şərqi Zəngəzurun, Naxçıvanın və digər bölgələrin tam təhlükəsziliyni təmin edəcək bir sənəddir. Şuşa Bəyannaməsində göstərilən müddəalara əsasən, tək  Azərbaycan deyil, Türkiyə də bu təhlükəsizliyin qarantıdır.  Necə ki, Qars müqaviləsi Naxçıvanın qarantı idi, indi də Şuşanın, Qarabağın, Şərqi Zəngəzurun təhlükəsizliyi məsələsində qardaş Türkiyənin də xidmətləri var. Ona görə də bu, çox mühüm bəyannamədir. Gələcəkdə bu sənəd haqqında daha geniş yazılacaq, nəticəsi daha aydın görünəcək.  Bu sənəd Azərbaycan xalqının Türkiyə ilə birlikdə dünyaya  mesajıdır. Dünyaya göstərdik ki, qardaşıq, birik, Ulu Öndərin dediyi kimi, “Bir millət iki dövlətik”. Türkiyə Prezidentinin belə bir ərəfədə Azərbaycana səfəri  Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini bir daha qüvvətləndirdi.

– “Şuşa Bəyannaməsi” Türkiyənin Azərbaycan ərazilərinin təhlükəsizliyinin qorunmasında qarant rolunda çıxış etdiyi məlumdur. Rusiya Azərbaycana qarşı təhdidlə davransa, Şuşa Bəyannaməsinə əsasən, qarşısında Türkiyəni görə biləcəkmi?

– Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişi imzalanıb.  Azərbaycan Prezidenti bütün qonşu dövlətlərlə çox gözəl münasibətlər qurub.  Əfsuslar olsun, İran bu münasibətlərə adekvat cavab vermir. Qalan dövlətlər, o cümlədən Rusiya bu münasibətlərə adekvat cavab verir.  Eyni zamanda, Azərbaycanın qoyduğu hər hansı məsələ Rusiya tərəfindən həll olunur. Rusiyanın Azərbaycana qarşı hansısa təhdidlər törətdiyini söyləyə bilmərik.

Birincisi, Rusiyanın bugünkü vəziyyəti elədir ki, o, təhdid göstərəndən daha çox, kömək istəyən dövlətdir.   Rusiyanın daha çox dəstəyə ehtiyacı var. Rusiya tək Ukrayna ilə deyil, Avropa, dünya ilə  vuruşur. Rusiyanın elə bir imkanı yoxdur ki, hər hansı məsələ ilə bağlı Azərbaycanla təhdid dilində danışsın. Digər  tərəfdən, Ermənistanda gedən proseslər göstərir ki, bu ölkə məsələlərin bitməsini və sülh müqaviləsinin imzalanmasını istəyir. Yeganə dayağı olan Rusiya yanında yoxdur, ona Avropadan ümumi bəyanatlardan başqa elə bir dəstək də gəlmir. Azərbaycan–Türkiyə münasibətlərinin strateji zirvəsi bütün yolların açılması, iqtisadi əlaqələrin qurulması Ermənistanın inkişafı deməkdir.

– Üçtərəfli sazişə əsasən, Rusiya Azərbaycana verdiyi  öhdəliyi yerinə yetirmir. Rusiya separatçıların Qarabağda keçirdiyi hərbi təlimləri izləyir...

– Üç dövlətin lideri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan sənəd mühüm əhəmiyyətə malikdir. Bu saziş elə bir vaxtda imzalanıb ki, Ermənistan ondan heç yerə qaça bilməz. Ermənistanın, Rusiyanın bu müqavilədən yan keçməsi, imtina etməsi mümkün deyil. Hesab edirəm, bu məsələlər mərhələ-mərhələ öz həllini tapacaq. Müharibə təzə qurtarıb və  müharibədən qalan bütün işlərin qısa zamanda tam həll olunması mümkün deyil, amma tədricən yavaş-yavaş öz həllini tapacaq. Bunun üçün ilk növbədə, regionda insanların bir-birinə etimadı yaranmalı, sərhəd-buraxılış məntəqəsində gediş-gəliş probem yaratmamalıdır. Laçında postlardan keçən ermənilər Azərbaycan əsgərinə etibar edirlər. Proseslər özü erməni silahlılarının Azərbaycan ərazisindən çxmasını təmin edəcək. Prezident qeyd etdi ki, kim təslim olacaqsa, əfv ediləcək, kim təslim olmayacaqsa, onun haqqında ölçü götürüləcək.

– Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsi dünyaya verilən hansı mesajdır, əhəmiyyəti nədir?

– Türkiyə Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti çox böyükdür. Qısa şəkildə deyə bilərik ki, bu səfər region, eləcə də dünya birlikləri qarşısında iki qardaş, dost dövlətin yenidən əl-ələ tutub bir olması və bütün çətinlikləri birgə adlaması ilə bağlı verilən mesajlardır.

Türkiyə Prezidentinin Bakı səfəri bəyan etdi ki, Türkiyə-Azərbaycan regionun sülh və təhlükəsizliyi istiqamətində birgə addımlayır, güclüdür, sarsılmazdır. O cümlədən Qarabağın tam təhlükəsizliyinin, Zəngəzur dəhlizinin açılmasının qarantıdır.  

Qeyd etmək lazımdır ki. Türkiyədə keçirilən seçkilər dünyada çox böyük maraqla izlənirdi. Biz bu gün sevinirik ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni Prezidentidir, və o, ilk səfərini Azərbaycana etdi. Bu, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlığın zirvəsi, strateji əməkdaşlığımıza Şuşa Bəyannaməsi üzərindən növbəti baxış imkanlarının açılmasıdır.