Rusiya indi də özünün sülhməramlıları ilə bizə qarşı düşmənçiliyini aparır - ADP sədri

16:02 21.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukrayna ilə müharibəyə başlayacağı təqdirdə çox ciddi şəkildə uduzacaq. İnanmıram ki, Rusiya müharibə etsin. Bu prosesdə bütün sülhpərvər dövlətlər Ukraynaya dəstək olacaqlar. Ukrayna elə bir səddir ki, ruslar onu keçəcəyi təqdirdə, Fransa, Almaniya üçün təhlükə yarada bilər. Ona görə də bu müharibə Rusiya üçün asan olmayacaq.

Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib:

"İndiki mərhələdə Azərbaycan Prezidentinin Ukraynaya səfəri Qazaxıstan məsələlərinə görə Rusiyaya bir mesajdır. Eyni zamanda Ukraynanın 44 günlük müharibədə ölkəmizə verdiyi dəstəyə görə bir vəfa səfəridir. İndiki halda Ukrayna ən ağır vəziyyətini yaşayır və Azərbaycanın Ukrayna ilə belə sıx əlaqələr yaratması adi məsələ ola bilməz. Açığı, mən İlham Əliyevin indiki məqamda Ukraynaya səfərini çox yüksək qiymətləndirirəm. Verilən bəyanatları da düzgün hesab edirəm.

Azərbaycan Krımı tanımadı, Ukrayna ilə enerji müqavilələri imzaladı. Ukrayna-Moldova-Gürcüstan arasında GUAM-ın yenidən aktivləşdirilməsinin zəruri olduğunu qeyd etdi. Yəni orada verilən bəyanatlar Rusiyanın Ukrayna siyasətinin tam əleyhinədir. Bu səfər, elə bilirəm ki, Rusiyanın Qazaxıstana girməsinə İlham Əliyevin və Türkiyənin verdiyi cavab idi.  Hə, dərhal sual yaranır: Rusiyanın bizə cavabı nə olacaq? Unutmayaq ki, Rusiya zatən Qarabağda apardığı oyunlarla Azərbaycana qarşı çoxdan əks çıxışlar edir. Rusiya indi də özünün sülhməramlıları ilə bizə qarşı düşmənçiliyini aparır".

Oxunma sayı 86
Siyasət rubrikasından digər xəbərlər