“Reuters”ə danışan hökumətə bağlı təhlil mərkəzinə əsaslanan qiymətləndirmələrə görə, Rusiyanın federal büdcə kəsiri 2026-cı ilin sonuna qədər üçqat arta bilər. İqtisadçılar kəsirin ÜDM-in 3,5-4,4 faizinə çata biləcəyini və 10,5 trilyon rubl və ya təxminən 136 milyard dollar təşkil edəcəyini təxmin edirlər.
Hafta.az yazır ki, hökumətin büdcə hədəfi ÜDM-in yalnız 1,6 faizidir. Ekspertlərin fikrincə, əsas problem neft və qaz gəlirlərinin kəskin azalmasıdır. Yanvarda bu maddədən büdcəyə daxil olan məbləğ 393,3 milyard rubla və ya təxminən 5,1 milyard dollara düşərək 2020-ci ilin pandemiya dövründən bəri ən aşağı səviyyəyə çatıb. Bütün 2025-ci il üçün neft və qaz gəlirlərinin 8,48 trilyon rubl və ya təxminən 110 milyard dollar səviyyəsində qalacağı proqnozlaşdırılır. Hansı ki, bir il əvvəl bu rəqəm təxminən 144 milyard dollar idi.
2026-cı il büdcəsi 8,92 trilyon rubl neft gəlirləri nəzərə alınmaqla hazırlanıb. Lakin qlobal enerji qiymətlərinin zəifləməsi, Rusiya neftinə 20 faizdən çox endirimlər və yeni sanksiyalar bu qiymətləndirmələri mübahisəli hala gətirib. Mənbələr büdcə gəlirlərinin 6 faiz azala, xərclərin isə 4-8 faiz arta biləcəyini proqnozlaşdırır.
İqtisadçılar yüksək faizli mühitdə dövlət borcunun ödənilməsinin artan xərcinin də riski artırdığını qeyd edirlər. Lakin bəzi ekspertlər kəsir proqnozlarının 4 faizdən çox olmasını vaxtından əvvəl hesab edirlər. Xəzinədarlıq üçün ən vacib təhlükəsizlik tədbiri Milli Rifah Fondundakı 4,1 trilyon rubl və ya təxminən 53 milyard dollarlıq likvid ehtiyatdır. Bildirilir ki, bu bufer hətta ən pis ssenaridə belə kəsiri maliyyələşdirmək üçün kifayət edə bilər.