Rusiya Mərkəzi Asiyada möhkəmlənir: Tacikistana 8 “S-300” yerləşdirib

09:15 24.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ABŞ-ın Mərkəzi Asiyada mövcudluğunu canlandırmaq cəhdlərinə cavab olaraq Tacikistan və Qırğızıstandakı bazalarının döyüş hazırlığını artırır.

Hafta.az-ın yazdığına görə, bu çərçivədə Rusiya hər iki ölkə ilə əldə olunan müdafiə razılaşmaları çərçivəsində Tacikistana 8 ədəd “S-300” Hava Hücumundan Müdafiə batareyası təhvil verib.

Tacikistan Rusiyanın xaricdəki ən böyük hərbi bazası olan 201-ci hərbi bazaya ev sahibliyi edir. Düşənbə və Bohtar şəhərlərində yerləşən bazada motoatıcı, tank, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə, radioaktiv və kimyəvi müdafiə və rabitə bölmələri növbətçilik edir.

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri ilə ortaq hava hücumundan müdafiə sistemi yaradılması üzərində mütəmadi şəkildə çalışdığına diqqət çəkən Putin, bu çərçivədə Tacikistana səkkiz S-300 hava hücumundan müdafiə sistemi tədarük etdiklərini bildirib.

KTMT ölkələri ilə aparılan işləri başa çatdırmaq üçün hökumətin ilin sonunadək bu məsələ ilə bağlı qərar verməsi lazım olduğunu bildirən Putin, “Bu, texniki məsələdir, amma diqqətdən qaçırmamağınızı xahiş edirəm” deyib.

Rusiya lideri əlavə edib ki, KTMT ölkələri ilə birgə hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi sabah Minskdə keçiriləcək KTMT Sammitinin mühüm bəndlərindən biri olacaq.