“Rusiya ordusunun Maryinka şəhərini işğal etməsi xəbəri yalandır”

13:43 07.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Donetsk vilayətinin Maryinka şəhəri küçə döyüşlərinin getdiyi tam xarabalıqdır. Orada gecə-gündüz düşmənin hücumları və artilleriya atəşi davam edir. Artıq bir həftədir ki, işğalçılar bildirirlər ki, guya bu şəhərə nəzarəti ələ keçiriblər. Lakin hərbçilərimizin dediyinə görə, bu, dezinformasiyadır.”

Hafta.az xəbər verir ki, Ukraynanın “TSN” kanalının müxbiri İvan Petriçakın  Maryinka şəhərinin xarabalıqlarından hazırladığı reportajda belə deyilir.

Maryinka faktiiki Donetskin yanıdır. Şəhər tamamilə dağıdılıb və orada aktiv döyüşlər davam edir. Jurnalistlərin ora çatması böyük uğurdur.

"Amma bir qayda var: şəhərə yalnız qaranlıqda daxil ola bilərsiniz. Ona görə də süjetin bir hissəsini gecəgörmə kamerası ilə çəkirik. Onun keyfiyyəti çox yaxşı deyil, amma vəziyyət belədir", - deyə İvan Petriçak qeyd edir.

Əsgər Yevgeni deyir ki, rus pilotsuz təyyarələri Marinka yaxınlığında daim “ov edir” və buna görə də buradakı ukraynalı hərbçilər avtomobillərinin faralarını söndürərək hərəkət edirlər. Sursat bu şəkildə daşınır...

“TSN” əməkdaşları daim partlayış səslərinin eşidildiyi komanda məntəqəsinə gəlib. Hərbçilər deyirlər ki, bu, hələ arxa yerdir, irəlidə daha da pisdir. Hərəkət etmək mümkün deyil. Komandir izah edir: “Şəhər tamamilə dağıdılıb, gizlənməyə heç bir yer yoxdur. Döyüşlər çətin gedir, həm də buraya yeni əsgər və silah gətirmək çətindir, çünki düşmən atəşi altına düşmək şansı 100-dən 99-dur”.

"Bu gün iki hücum oldu. İşlədik, dəf etdik, hər şey qaydasında idi. Onları əzdik, yəni onların kifayət qədər "200"-ü(meyitlər-S.L.) var, düşmənin itkiləri xeylidir. Yəni bizimlə kəllə-kəlləyə gəldilər, amma bacara bilmədilər, boyunlarını qırdıq. İndi də cinahdan hücuma keçməyə çalışırlar. Biz isə qarşılarını kəsirik”, - hərbçi Yuri belə deyir.

Oxunma sayı 91