Rusiya qoşunları dünən ələ keçirdikləri bu məntəqədən çıxarıldı - Baş Komandan

12:21 29.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya işğalçı qoşunları dünən – fevralın 28-də daxil olduqları Donetsk vilayətinin Orlovka qəsəbəsindən geri çıxarılıblar.

Hafta.az xəbər verir ki, bunu Donbasdakı Ukrayna hərbçilərinə baş çəkən Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Generalın sözlərinə görə,  ruslar Orlovka qəsəbəsinin kənarlarına daxil ola biliblər, lakin Ukraynanın 3-cü hücum və 25-ci əlahiddə hava-desant briqadalarının əsgərləri tərəfindən geri oturdularaq ərazidən çıxarılıblar.

Baş Komandan komandirlərin müdafiəyə təsir edən səhv hesablamalarından da danışıb.

“İş zamanı müəyyən komandirlər tərəfindən vəziyyətin anlaşılmasında və düşmənin qiymətləndirilməsində müəyyən yanlış hesablamalara yol verildiyi müəyyən edilib ki, bu da bəzi istiqamətlərdə müdafiənin dayanıqlığına birbaşa təsir edib. Mən əlavə döyüş sursatı və maddi-texniki baza, eləcə də lazımi ehtiyatlar ayrılmaqla vəziyyəti yerindəcə düzəltmək üçün bütün tədbirləri görmüşəm”, - deyə general Slrski öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ruslar cəbhə xəttinin bir çox istiqamətlərində aktiv hücum əməliyyatlarını davam etdirirlər. Xüsusən də Avdeyevka və Zaporojye istiqamətlərində gərgin vəziyyət hökm sürür . O, qeyd edib ki, burada Rusiyanın hücum bölmələri Ukrayna qoşunlarının müdafiəsini yarıb Tonenkoye, Orlovka, Semyonovka, Berdiçi, Krasnoqorovka yaşayış məntəqələrini ələ keçirməyə çalışır.

"Düşmənin nəzarəti bərpa etməyə çalışdığı Verbovoye və Rabotino bölgələrində gərgin döyüşlər davam edir. Mən döyüş əmnliyyatları bölgəsində işimi Donetsk vilayətinin Avdeyevka istiqamətində müdafiə tutan hərbi hissələrindən başlamışam", - deyə general qeyd edib.

Oxunma sayı 112