Rusiya şirkətləri Cənubi Kipri tərk edir

09:27 18.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Kipr qəzeti “Filelefteros” böyük rus şirkətlərinin adanı tərk etməyə başladığını yazır. Qəzet öz səhifələrində şirkətlərin gedişini “Rusiya nəhəngləri kütləvi şəkildə tərk edir: 10-dan çox şirkət adadan birdəfəlik gedib” sözləri ilə işıqlandırıb.

Hafta.az-ın yazdığına görə, “Filelefteros” yazarları Rusiya şirkətlərinin çıxışının davam edəcəyini və bunun adanın maliyyə sistemində ciddi dəyişikliyə səbəb olacağını proqnozlaşdırırlar.

Qəzetə danışan rus hüquqşünas Andrey Qoltsblat bildirib ki, epidemiyaya səbəb olan problemlər təkcə Cənubi Kiprdə deyil, Avropa İttifaqı qanunlarının qüvvədə olduğu bütün ölkələrdə mövcuddur. Qoltsblat qeyd edir ki, Rusiya səhmdarları olan şirkətlər artıq Aİ ərazisində bir sıra maliyyə əməliyyatları həyata keçirə bilmirlər.

Rus şirkətlərini adanı tərk etməyə sövq edən digər səbəb isə Rusiyanın Cənubi Kiprdə qurulan şirkətlərə verdiyi vergi güzəştlərini ləğv etməsidir. Qoltsblat həmçinin qeyd edir ki, şirkətlərin dividend ödəmək qabiliyyəti Rusiya prezidentinin icazəsindən asılıdır. Bu səbəbdən də şirkətlər qeydlərini Cənubi Kiprdən Rusiyaya köçürməyə üstünlük veriblər.

ABŞ Maliyyə Departamenti bu yaxınlarda Cənubi Kiprdə qeydiyyatdan keçmiş üç şirkətə qarşı yeni sanksiyalar elan edib.