Rusiyada yeni bir araşdırma iqtisadiyyatın hər il 400 min əlavə mühacirə ehtiyacı olduğunu ortaya qoyub. Orta Asiya ölkələrindən kadr tələbatını ödəyə bilməyən Rusiya şirkətləri son zamanlar Hindistan və Pakistana üz tutub.
Hafta.az-ın “Novye İzvestiya”ya istinadən yazdığına görə, 1,4 milyard əhalisi olan Hindistan Rusiya kimi əhalisi qocalmış, kadr çatışmazlığından əziyyət çəkən ölkələrin problemlərini həll edə bilər. Portalın məlumatına görə, Rusiyadan fərqli olaraq Hindistan əhalisinin 50 faizindən çoxu 30 yaşdan aşağıdır.
Hindistan hökuməti ölkədəki izafi əhalini də işləmək üçün başqa ölkələrə getməyə təşviq edir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində əhalinin 38 faizi Hindistan mənşəlidir.
Bildirilir ki, hindistanlı işçilər orta asiyalılardan daha ixtisaslıdırlar. Bundan əlavə, ekspertlər Hindistan işçilərinin getdikləri ölkələrdə ictimai və siyasi qarışıqlıq yaratmayan “sakit xasiyyətli” insanlar olması və sonradan vətənlərinə qayıtmaq istədikləri üçün “üstünlük səbəbi” ola biləcəyini deyirlər..
Bununla belə, “Novıe İzvestiya” yazarları iqtisadiyyatın mühacirlərə ehtiyacı olmasına baxmayaraq, ölkədə anti-immiqrant ab-havasının hökm sürdüyünə diqqət çəkirlər.