Rusiya vətəndaşlarının kredit borcu 330 milyard dolları ötdü

09:27 06.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının banklara olan kredit borclarının məbləği iyulda ilk dəfə 32 trilyon rublu (330 milyard dollar) ötüb.

Hafta.az-ın Rusiya Mərkəzi Bankının məlumatlarını təqdim edən "İzvestiya" qəzetinə istinadən yazdığına görə, ilin əvvəlindən ümumi borc 3,3 trilyon rubl artıb.

Qəzetə danışan ekspertlər borcların artmasında gecikmiş alışların reallaşması və kreditlərin baha olacağı gözləntilərinin rol oynadığı qənaətindədirlər.

Milli Kredit Tarixi Bürosundan Aleksey Volkov bildirir ki, kredit borclarında ən böyük pay 51,9 faizlə ipoteka kreditlərinə məxsusdur. İstehlak kreditləri ilə kredit kartı borclarının nisbəti 43 faiz, avtomobil kreditlərinin payı isə 4,7 faizdir.

Volkov borc artımına ipotekaların səbəb olduğunu bildirir.

Rusiya Mərkəzi Bankı ilin əvvəlinə vətəndaşların kredit borclarının gəlirlərə nisbətinin 11,2 faiz olduğunu açıqlayıb. İl ortası məlumatları hələ açıqlanmayıb.