Bir tərəfdən müharibədən sonra bəzi ölkələrin tətbiq etdiyi sanksiyalar və uçuş qadağaları, digər tərəfdən rublun ucuzlaşması və artan iqtisadi problemlər. Ruslar yayda çətinlik çəkiblər və indi də çəkirlər. Bütün bunların fonunda əhalinin yay tətilini necə keçirdiyinə dair rusiyalılar arasında sorğu aparılıb.
Hafta.az-ın “Komsomolskaya Pravda” qəzetinə istinadən yazdığına görə, sorğuda iştirak edən Rusiya vətəndaşlarının 31 faizi yay tətili üçün maddi imkanlarının olmadığını bildirib. Respondentlərin 16 faizi deyib ki, bu yay çox işlədiklərindən ümumiyyətlə məzuniyyətə çıxmaq imkanları olmayıb. Rəyi öyrənilənlərin 16 faizi dənizdə istirahət etdiyini, 11 faizi Rusiya daxilində səyahət etdiyini, 11 faizi kottecdə (bağda) dincəldiyini deyib.
Respondentlərin 7 faizi bildirib ki, onsuz da işsizdirlər, bu da onlar üçün hər gün istirahət deməkdir.
Evdə istirahət etdiklərini deyənlər 6 faiz, xarici ölkələrdən birinə tətilə getdiyini deyənlər isə cəmi 2 faiz olub.