Rusiyada qanuni iş icazəsi yaşının aşağı salınmasından sonra 14-17 yaş qrupunda öz-özünü dolandırmaq üçün işləyən yeniyetmələrin sayı bu il 20 faiz artaraq 95 mindən çox olub. 2022-ci ilin sonunda bu rəqəm 78 min civarında idi.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Federal Vergi Xidmətinin açıqladığı məlumatlarla bağlı danışan ekspertlər uşaqların sayının artmasını öz iqtisadi müstəqilliklərini əldə etmək istəyi, eləcə də bazarda kadr çatışmazlığı ilə əlaqələndirirlər.
Özlərini dolandırmaq üçün işləyən yeniyetmələr daha çox kuryer və kompüter təmiri sahəsində çalışırlar. Yeni qanunun həyata keçirilməyə başlandığı 2019-cu ildən etibarən onların ödədiyi vergi məbləği 56 milyon rubl (605 min dollar) civarındadır.
18 yaşınadək işləyənlərin ən çox olduğu şəhərlər 20 min nəfərlə Moskva və Sankt-Peterburqdur. “İzvestiya”ya görə, Rusiya tətərfindən işğalda saxlanılan Donbas, Luqansk və digər vilayətlərdə də işçi çatışmazlığı üzündən uşaqlar əməyə cəlb edilib.
Xatırladaq ki, Rusiyada özlərini dolandırmaq üçün işləyənlərin sayı 18-24 yaş qrupunda 1,48 milyon, 25-29 yaş qrupunda 1,09 milyon, 30-35 yaş qrupunda isə 1,58 milyon və ümumi sayı 7,8 milyon nəfərdir.