Rusiyada iki yerli hökumətin saytı maraqlı haker hücumuna məruz qalıb.
Hafta.az-ın yazdığına görə, Moskva yaxınlığındakı Lübertsı və Arxangelsk vilayətinin Konoşski rayonlarının yerli administrasiyalarının saytlarına “Məhəmməd yeni doğulmuş oğlan uşaqlarına ən çox qoyulan addır” sözlərini ehtiva edən qısa xəbər əlavə edilib.
Müvafiq xəbər qısa müddət sonra hər iki internet saytından silinib. Hakerlərin yerləşdirdiyi statistik məlumatlara görə, Məhəmməd, Amriddin və Anzur adları oğlanlara verilən ilk 10 ad arasındadır.
Eyni xəbərdə ən çox sevilən qız adları Fatimə, Bibisaro və Zeynəb olub.
“Novye İzvestiya” portalı son vaxtlar Telegram kanallarında “immiqrantların doğum nisbətinin rusiyalıları ötdüyünü” iddia edən çoxsaylı “xəbər”lərin görünməyə başladığına diqqət çəkir.
Ötən gün “Qovorit Moskva” radiosuna müsahibə verən deputat və iqtisadçı ekspert Mixail Delyagin bildirib ki, Rusiyada qadınların 30 faizi səhiyyə sistemindəki problemlərə görə uşaq dünyaya gətirə bilmir. Delyagin bu fikirdədir ki, ölkədə əhali probleminin arxasında “mütləq yoxsulluq” dayanır.