Rusiyada ordunu tənqid edənlərin əmlakı müsadirə olunacaq

10:04 22.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, ordu haqqında "yalan yayan" şəxslərin aktivlərinə həbs qoyulan qanun layihəsi gələn həftə parlamentin gündəliyinə gələcək.

Hafta.az-ın yazdığına görə, Telegram hesabında paylaşım edən Volodin, "Rusiyaya xəyanət edən və onu məhv etməyə çalışanlar layiq olduqları cəzanı almalı və ölkəyə vurduqları zərəri sahib olduqları mülklərlə ödəməlidirlər" deyib.

Volodin bildirib ki, yeni qanun “ölkəyə böhtan atan əclaflarla, müharibədə xidmət edən əsgər və zabitlərlə mübarizə aparmaq üçün” hazırlanıb.

Yeni qanun layihəsinin bazar ertəsi parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Rusiyada Ukrayna müharibəsindən sonra “ordu haqqında yalan məlumat yaymaq” cinayət sayılırdı. Mövcud qanun Ukrayna müharibəsi ilə bağlı rəsmi mənbələrdən gəlməyən hər hansı bir məlumatı “yalan” hesab edərək istintaqa başlamaq üçün yol açır. Qanun pozuntusu halında 15 ilə qədər həbs cəzası nəzərdə tutulur və artıq indiyədək yüzlərlə insan saxlanılıb.

Bu adlardan biri də rusiyalı hüquq müdafiəçisi Qriqori Vinterdir. Yanvarın 18-də işinə qərar verilən Vinter 3 il müddətinə azadlıqdan məhrum edilib.

54 yaşlı Vinter sosial media platforması VKontakte-də Kiyev yaxınlığındakı Buça və İrpində Rusiyanı hərbi cinayətlər törətdiyi üçün tənqid etdiyinə görə istintaq başladılıb. Məhkəmənin qərarında bu ifadə yer alıb: “Hüquq müdafiəçisi bir çox insanı çaşdırıb və Rusiya ordusunu nüfuzdan salıb”.

Məhkəmə, Müdafiə Nazirliyinin saytında mövzu ilə bağlı “etibarlı məlumat” olmasına baxmayaraq, rusiyalı fəalın şüurlu şəkildə yalan məlumat yaydığına qərar verib.

Üç illik həbs cəzasına əlavə olaraq, Vinter sosial mediaya çıxışına və internetdən istifadəyə iki il qadağa da kəsilib.