Ukraynanın şərqindəki Donetsk vilayətində rusiyalı əsgərlərə konsert vermək üçün səhnəyə çıxan 40 yaşlı rus aktrisa, xoreoqraf və rejissor Polina Menşik Ukraynanın raket hücumu nəticəsində dünyasını dəyişib.
Hafta.az-ın yazdığına görə, hücumun ABŞ-ın Kiyevə verdiyi HIMARS sistemləri ilə edildiyi və birbaşa konsert sahəsinin hədəf alındığı bildirilir.
Rusiya mətbuatı hadisənin Donetskin Kumaçovo şəhərində baş verdiyini yazıb. Portal Teatr Studiaları tərəfindən verilən açıqlamada, "Dünən Donbassda konsert səhnəsinə edilən hücumda "The Last Trial"ın rejissoru Polina Menşikin öldüyünü təəssüflə bildiririk" deyilir. Bildirilib ki, dekabrın 9-da Menşikin xatirəsinə məşhur fantaziya ədəbiyyatı seriyasından "Dragon Lance"nin rok operasına uyğunlaşdırılan “The Last Trial” nümayiş etdiriləcək.
Hadisəni Telegram hesabında paylaşan bir rus əsgər ilk raketin dayanacaq sahəsinə, ikincisinin isə birbaşa səhnəyə düşdüyünü bildirib.
Hücumla bağlı Rusiya ordusundan heç bir açıqlama verilməyib.
Ukraynadan birtərəfli qaydada müstəqilliyini elan edən rusiyapərəst Donetsk Xalq Respublikasının bəyanatında hücumun 80 kilometr uzaqlıqdakı Yelizavetovka qəsəbəsindən HİMARS sistemləri ilə həyata keçirildiyi bildirilib.