Rusiyanın "B" planı: "yalançı bayraq" əməliyyatı - PUTİN ÜÇÜN SON ŞANS

13:03 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə tam sürətlə davam edərkən Kiyevdən dünyanın gündəminə bomba kimi düşən bir iddia gəlib. Ukrayna kəşfiyyatı Rusiyanın yeni planını ələ keçirib.

Hafta.az bildirir ki, sahədəki itkiləri hava zərbələri ilə balanslaşdırmağa çalışan Rusiyanın növbəti addımı ilə bağlı diqqətçəkən açıqlama gəlib.

Ukrayna kəşfiyyatı Moskvanın müharibənin gedişatını dəyişmək planını ictimaiyyətlə bölüşüb.
İngiltərənin Daily Mail qəzetində yer alan xəbərə görə, Rusiya Belarusda "yalançı bayraq" əməliyyatı keçirməyə hazırlaşır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatına görə, Putin qüvvələri Qrodno vilayətindəki Astravets Elektrik Stansiyasını və Brestdəki infrastrukturu hədəfə almağı planlaşdırır.
Eyni xəbərə görə, Rusiya bu əməliyyatı NATO və ya Ukraynanı ittiham edəcək şəkildə həyata keçirməyi planlaşdırır.

"Yalançı bayraq" əməliyyatı bir ölkənin ictimai rəy yaratmaq və ya haqlı səbəbə malik olmaq üçün düşmən pərdəsi altında öz qoşunlarına qarşı hücuma keçməsinə verilən addır.

Bildirilir ki, Rusiya bunun sayəsində Ukrayna və NATO-nu çətin vəziyyətə salmağa, Belarusu müharibəyə çəkməyə çalışacaq.

Belarusun müharibəyə girməsi Ukrayna müharibəsində ikinci cəbhənin açılması deməkdir.
Bəzi hərbi ekspertlər Belarusun müharibəyə girməsinin yerdə geriləyən Rusiyanın qələbə üçün son şansı olduğunu şərh edir.

İddiaların mərkəzində olan obyekt Litva sərhədinə yaxın və ölkənin paytaxtı Vilnüsdən cəmi 40 kilometr aralıda yerləşir.