Rusiyanın ən iri otellər şəbəkəsi Avropadakı fəaliyyətini dayandırır

14:50 09.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illər Rusiyada uğurla böyüyən "Azimut Hotels" otellər şəbəkəsi Avropadakı fəaliyyətini dayandırmaq qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, Aleksandr Klyaçinə məxsus "Azimut Hotels" şəbəkəsinin Avropada 20-dən çox oteli vardı. 

Klyaçinin aktivlərini idarə edən "Gleden İnvest" şirkətindən verilən açıqlamada, "Azimut" otellərinin bir il ərzində Avropa bazarından çıxmağa qərar verdiyi bildirilib. Ötən yaya qədər şirkətin Almaniya və Avstriyada səkkiz oteli olduğu halda, hazırda Avropada "Azimut" brendi altında cəmi 3 otel fəaliyyət göstərir.

“Azimut Hotels”in mətbuat xidməti də şirkətin Avropadakı bəzi otellərlə müqavilələrini dayandırdığını təsdiqləyib. Digər tərəfdən, şirkətin yaxın illərdə İsraildə iki yeni otel açmağı planlaşdırdığı bildirilib.

Qeyd edək ki, “Gleden Invest” Rusiyada daşınmaz əmlak sektorunun ən böyük şirkətlərindən biridir. Şirkətin portfelinə ümumi sahəsi 800 min kvadratmetrdən çox olan ofislər, yaşayış yerləri və anbarlar daxildir.