“Rusiyanın imperiya, “böyük qardaş” hikkəsi bitmir” - Əli Mustafa

15:32 01.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Rusiya-Azərbaycan münasibətləri mürəkkəbdir. İki ölkə arasında müəyyən əməkdaşlıq platforması olsa da, son zamanlar informasiya məkanı üzərindən gərginliyin fazası artıb. Bu ona görə baş verir ki, Rusiyanın imperiya, “böyük qardaş” hikkəsi bitmir”.

Bu barədə Hafta.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa bildirib.

Ə.Mustafa qeyd edib ki, Rusiya regional dövlət olsa da, vaxtilə SSRİ-nin tərkibindən çıxmış 14 respublikanı özünün çətirinin altında saxlamaq istəyir. Bir növ öz rəhbərlik “privıçka"sından əl çəkmir:

“Rusiya həmin dövlətləri yenidən işğal edib, sümürgə mexanizmini yeniləmək istəyir. Azəbaycan Rusiya ilə əməkdaşlıq edir və üstün imkanlarını nəzərə alsa da, özünün suverenliyini əldən verməyəcək. Rusiya isə yenidən böyümək arzusundadır. Ukraynada apardığı müharibə də buna xidmət edir. Bunu nəzərə alan keçmiş sovet ölkələri Ukraynanın məğlub olmasını istəmir”.

Ə.Mustafa bildirib ki, Rusiya Azərbaycana qarşı ideoloji, psixoloji, kiber savaş aparır. Onun fikrincə, Rusiya Azərbaycanı zəiflətmək, özünün nüfuz dairəsində saxlamaq üçün çabalayır. Bu baxımdan qarşıdurma və təxribatlarda maraqlıdır:

“Rusiya “ilanı seyid Əhməd əli il tutmaq” siyasətini Azərbaycana da tətbiq edir. Guya Ukraynanın Azərbaycana qarşı təxribat hazırladığı barədə yüksək tribunadan xəbərdarlıq etməklə, məsələni bir virus kimi ortaya atır. Ruslar belə bir təəssürat yaratmaq istəyirlər ki, guya Rusiya-Azərbaycan münasibətləri yaxşıdır, aranı qızışdıran isə Ukrayna və onun havadarlarıdır. Rusiya öz pis işlərini kiminsə üzərinə atıb izi azdırmaq istəyir. Bütün hallarda bu onu deməyə əsas verir ki, ruslar da körpülərin tam yanmasını istəmirlər”.

Ə.Mustafa hər bir halda bölgədə bir rəqabət, qarşıdurma mühitinin mövcudluğunu və bu məsələdə Azərbaycanın haqlı tərəf olduğunu vurğulayıb:

"Təkcə ona görə ki, bu gərginliyin yaranmasının təşəbbüsçüsü Rusiyadır. Nə baş verməsindən asılı olmayaraq, Azərbaycan öz suverenliyini, bölgədəki liderliyini qorumalıdır”.