Rusiyanın nüvə hədə-qorxusu  mənasızdır - Tacəddin Mehdiyev

13:15 06.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevlə hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycan Ordusunun Yuxarı Qarabağ və Ermənistanla sərhəd istiqamətində son uğurlu əməliyyatları, İranın ölkəmizə qarşı hərbi əməliyyatlara başlaması ehtimalı, Rusiya-Ukrayna cəbhəsindəki gerçək durum, dünyaya hədə-qorxu gələn Rusiyanın nüvə silahlarının real vəziyyəti  və s. haqda danışdıq.

- Cənab general, martın son günlərində Azərbaycan Ordusunun həm Yuxarı Qarabağda, həm də Laçın rayonunun dəhlizə yaxın, Ermənistanla sərhəd hissəsindəki bir sıra yüksəkliklərin və kommunikasiya yollarının nəzarətə götürülməsi ilə nəticələnən əməliyyatlarını necə dəyərləndirirsiniz?

– Milli Ordumuzun son günlər həm Şuşa-Laçın və Xankəndinə gedən yollar ətrafında, həm də Laçın rayonunun sərhəd kəndləri olan Zabux və Cağazur kəndləri arasındakı ərazilərdə keçirdiyi əməliyyatlar alqışlanmalıdır. Yadınızdadırsa, ötən söhbətlərimizdə dəfələrlə demişdik ki, Şuşa, eləcə də Laçın şəhərlərinin təhlükəsizliklərinin tam təmin olunması üçün ətrafdakı bütün yaşayış məntəqələri, xüsusən də yüksəkliklər nəzarətə götürülməlidir. İndi çox şükürlər ki, bu istiqamətdə ordumuz uğurlu addımlar atmağa başlayıb.

 Sarıbaba, onun yaxınlığındakı 2054 yüksəkliyi həm Laçından Şuşaya gedən əsas avtomobil yoluna, həm də Turşsu qəsəbəsi istiqamətindən, yaxud Zarıslıdan Xankəndinə gedən ermənilər üçün “alternativ” silah-sursat daşıma marşrutu olan torpaq yollara nəzarət etmək üçün strateji əhəmiyyətə malikdirlər. Bundan sonra Şuşa ətrafındakı digər yüksəklik və məntəqələri də tədricən nəzarətə götürmək vacibdir. Həmçinin  Gorus istiqamətində ermənilərin Qarabağa gedib-gəldiyi alternativ Laçın yoluna da nəzarət etmək baxımından Zabux və Cağazur yaxınlığındakı keçmiş sərhəd postlarımızın geri alınması da əhəmiyyətli uğurdur. Əbəs yerə deməyiblər ki, yüksəkliklər kimin əlindədirsə, qalibiyyət də onun tərəfindədir...

Amma əldə edilən uğurlarla arxayınlaşmaq olmaz. Bundan sonra Azərbaycan Dövlətinin qarşısında duran əsas vəzifələrdən biri, əvvəllər də vurğuladığımız kimi, Laçın yolunun başlanğıcında, yəni Həkəri çayının üstündəki körpü üzərindən keçən sərhəd ərazidə Rusiya “sülhməramlı”larının postunun yaxınlığında sərhəd, gömrük və s. nəzarət-buraxılış məntəqələrimizin qurulmasıdır. Yalnız bundan sonra deyə bilərik ki, biz Qarabağa gedib-gələn yola nəzarət edirik. Ermənilər əgər sərhədimizdən “sülhməramlı”ların “nəzarəti”ndən  silah-sursat, yaxud canlı qüvvəni keçirə biləcəklərsə, onu nə yolla olursa-olsun, Qarabağa çatdırmağa çalışacaqlar. Biz tutduğumuz yüksəkliklərdən də bunun qarşısını tam şəkildə ala bilməyəcəyik. Düzdür, artıq 4 aya yaxındır ki, Laçın-Şuşa-Xankəndi yolunda fasiləsiz aksiya keçirən ekofəallar da dolayısıyla həmin yoldan keçən yüklərə, sərnişinlərə nəzarət edirlər.  Ordumuz da, daxili qoşunlarımız da həmin yola çox yaxındadırlar. Yəqin, ermənilər, yaxud ruslar risk edib oradan silah-sursat keçirməzlər. Əvəzində axı onların Xankəndinə gedən digər “alternativ” torpaq yolları, cığırları var.  Yəni bunlar məsələnin tam həlli deyil... Bir sözlə, bütün deyilənləri, eləcə də Rusiyanın Ukraynada və beynəlxalq aləmdə düşdüyü müşkül durumu və Ermənistanın Moskvaya xəyanətlərini nəzərə alaraq daha da qətiyyətli addımlar atmaqla, nə yolla olursa-olsun, Laçın yolundakı sərhəddə nəzarət-keçid postlarımızı qurmalıyıq. Ümidvaram ki, belə də olacaqdır və bütün baş verənlər bizi növbəti qələbələrə, həmçinin Xankəndi və digər ərazilərimizin tam yurisdiksiyamıza qaytarılmasına aparır...

– Son günlər bəzi SEPAH generalları bizə qarşı hədədolu çıxışlar etməyə başlayıb. Sizcə, özünün hazırkı həm geosiyasi, həm də daxili ziddiyyətlər və kütləvi xalq etirazları baxımından mürəkkəb bir durumunda İranın Azərbaycana qarşı hərbi əməliyyatlara girişməsi ehtimalı nə qədərdir?

– Bilirsiniz, belə hesab edirəm ki, əgər  İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir. Bu halda o, bir dövlət kimi məhv olub getməlidir. Öncə bunu nəzərə almaq lazımdır ki, bu dövlətin tutduğu ərazidəki əhalinin bəlkə də yarıdan çoxu Azərbaycan türkləridir...

 İkincisi, Azərbaycan Ordusu sayca İran ordusundan az olsa da, artıq 90-cı illərin ordusu deyil.  Dövlətimiz ordumuzu son 20-25 ildə dünyanın ən müasir və güclü texnologiyalarına, silah və texnikalarına yiyələndirdi və sonda da  44 günlük savaşda özünü göstərdi. İran ordusu isə təsəvvür və təbliğ edilən qədər güclü deyil və elə 40-50-ci illərin texnologiyası və taktikası ilə hərəkət edən Rusiya ordusundan çox da fərqlənmir. Əgər İran elə bilirsə ki, Azərbaycan əvvəlki Azərbaycandır, çox ciddi şəkildə yanılır...

 Üçüncüsü, bizim arxamızda qardaş Türkiyə kimi NATO-nun ən güclü ordularından birinə malik olan dövlət, Pakistan kimi müsəlman ölkəsi var. Bizimlə müttəfiq olan İsrail kimi bir əjdaha İrandan çox da uzaqda deyil. İranın arxasında kimdir? Dünyanın guya ikinci ən güclü dövləti sayılan, amma əslində dağılıb-tökülən nəhəng arabaya bənzər Rusiya imperiyası?..

Dördüncüsü, bəlkə də ən əsası isə hazırda İran yarım ilə yaxındır ki, öz daxilində stabilliyi bərpa edə bilmir. Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz. Odur ki, İran müharibəyə başlasa, tez bir zamanda elə öz daxilindən dağılacaq...

Bütün bunlarla belə, əlbəttə, Azərbaycan da bütün qonşularla sülh şəraitində yaşamaq istəyir və dövlətimiz çalışır ki, İranla da bütün ziddiyyətləri diplomatik yollarla həll etsin. Amma o da var ki, bizə qonşu olan bu iki böyük dövlətin – istər İranın, istərsə də Rusiyanın heç bir sözünə, vədinə, imzasına inanmaq olmaz...

– Sovet ordusunun “şinel”indən çıxmış hər iki orduya və xalqa yaxşı bələd olan bir hərbçi kimi Rusiya-Ukrayna cəbhəsindəki vəziyyəti necə qiymətləndirirsiz?

– Bütün baş verənlər onu göstərir ki, Ukraynaya təcavüzünün yekununda Rusiya tam şəkildə məğlub olacaq. Ukrayna ordusunu düzgün strategiya, taktika quran ağıllı adamlar idarə edir. Onlar nəyi nə vaxt etməyi yaxşı bilirlər. Hazırda Qərb ölkələrində təlimlər keçmiş 3 korpusun hələlik əsas qüvvələrini döyüşə qatmırlar.

 Ukrayna komandanlığı bilərəkdən Rusiya ordusunun Baxmut, Avdeyevka, Marinka kimi məntəqələrdə kütləvi itkilər verməsinə şərait yaradır, onun hərbçilərini tamam haldan salırlar. Məqam yetişən kimi, yəni ruslar tamamilə əldən düşən kimi, təlim keçmiş 3 korpusu bütövlükdə döyüşlərə atacaqlar və bundan sonra Ukraynanın bütün işğal olunmuş ərazilərini Rusiya işğalçılarından azad edəcəklər. O cümlədən Krım da azad ediləcək. Hələlik təlimlər davam edir, qüvvələr, Amerikadan, Avropadan alınan müasir silahlar, texnikalar cəmləşdirilir....Öncə də dediyim kimi, Ukrayna xalqı hərb elminə çox meyilli xalqdır. Yadımdadır ki, mən hərbi akademiyada təhsil alanda qrupumuzda 16 nəfərdən 8-i ukrayın idi. Rusiya ordusunun indiki vəziyyətində belə, bəlkə də zabitlərinin 40 faizi Ukrayna mənşəlidir...

 - Sizcə, Putin yenidən Kiyevə genişmiqyaslı hücum barədə qərar verə bilərmi?

 - Zənnimcə, Rusiya ordusunun Kiyevə yeni hücumunun təşkil edilməsi ehtimalı var. Ancaq bu cür hücum edilsə belə, onun heç bir faydası olmayacaq. Bu əməliyyat əvvəlcədən məğlubiyyətə məhkumdur. Ola bilsin, bir müddət aviasiya, raket, artilleriya hücumlarıyla Kiyev vilayətinə böyük zərbələr endirə bilər.  Lakin  nəzərə alaq ki, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri çox güclüdür – Rusiyanın bəzi raketləri istisna, atılanların, əksəriyyətini zərərsizləşdirə bilir. O cümlədən rusların qırıcı təyyarələri də sıradan çıxarılır... Putinin Kiyevə piyada qoşunlarla hücumu isə heç baş tutmayacaq. Çünki əvvəla, onun o sayda hazır qüvvəsi yoxdur. Guya indi hazırlaşırlar 8yenidən 400 min əsgər səfərbər etməyə. Lap 500 min insanı səfərbər etsin... Rusiyanın o sayda orduya düzgün təlim keçmək və sonra da döyüş əməliyyatları zamanı onları idarə etmək üçün lazımi, peşəkar general və zabit kadrı yoxdur. Son 20-25 ildə ölkədə xeyli sayda hərbi məktəb də ləğv olunub.  Məsələn, 8 ümumqoşun məktəbindən cəmi 2-i qalıb, 6 aviasiya məktəbindən cəmi 1-i, 5 tankçılıq məktəbindən də 1-i qalıb. Bir sözlə, Putin hakimiyyətdə olarkən özü öz oturduğu budağı kəsib. Ona görə də, indi 1 milyon da çağırışçı toplasa, faydası yoxdur. Digər tərəfdən, artıq rus xalqı da ayılıb və düşünür ki, nəyə görə bizim övladlarımız Putinin ambisiyaları uğrunda, özü də slavyan mənşəli bir xalqla müharibədə ölməlidir...

– Cənab general, deyəsən, Putin rejiminin ümidi yalnız əlində olan nüvə silahlarıyla dünyaya hədə-qorxu gəlməyə, üzbəüz hərbi meydanda uduzduğu Ukraynanı, eləcə də ABŞ-ı, NATO ölkələrini şantaj etməyə qalıb. Necə düşünürsüz, hansısa məqamda Kremldə doğrudan da nüvə müharibəsinə başlamaq qərarı verilə bilərmi?

– Birincisi, hələ bilmək olmaz ki, əksəriyyəti sovet dövründən qalma olan və korrupsiya bataqlığında batan Rusiyanın nüvə silahları real olaraq hansı durumdadır. İkincisi, Kreml Amerikanı vurmaq istəsə, onun nüvə silahı Amerikaya çatana qədər Pentaqon, NATO artıq Rusiyanın dörd tərəfindəki bazalardan qısa müddət ərzində onun bütün iri şəhərlərini, bazalarını vuracaq. ABŞ-ın nüvə raketinin Moskvaya və ya Sibirə çatması 10-15 dəqiqə çəkəcək. Digər tərəfdən Rusiyanın raketi hədəfinə çatana qədər  Amerika ordusu onu zərərsizləşdirəcək. Üçüncüsü isə nüvə raketinin düyməsinin basılması yalnız bir nəfərin- Putinin əlinə bağlı deyil... Ona görə də Rusiyanın nüvə hədə-qorxusu da mənasızdır. Bütün dünya da bunu başa düşür. Diqqət edirsinizsə, əvvəllər NATO mənsubları bir az ehtiyatla danışırdı. İndi isə Putinə deyirlər ki, hünərin çatır, işə sal nüvə silahını – sənin raketin yerindən qalxmamış biz onu məhv edəcəyik...

– Putinin arxasında artıq, demək olar ki, ciddi bir dövlət də dayanmır. Çin də tərəddüd edir... Qalır bir Şimali Koreyanın Kim Çeni, dağılmaqda olan İran, bir də parçalanmış, bombalar altındakı Suriya və bir neçə cırtdan Afrika ölkəsi...

– Bəli... Çin görür ki, bütün Amerika, Avropa, NATO hamısı Rusiyaya qarşıdır. Çin rəhbərliyi də ilk növbədə iqtisadi maraqlarını düşünür. Bu ölkə dünyanın əksər hissəsinə mal satıb pul qazanır. Əgər rəsmi Pekin Putini dəstəkləsə, Amerika, Avropa, Yaponiya və s. Çinə qarşı sanksiyalar tətbiq edəcək, nəticədə onun bütün ticarəti, iqtisadiyyatı çökəcək... Qalır bir  Kim Çen. Şimali Koreyanın da hər tərəfi: Cənubi Koreya, Yaponiya, Sakit Okean adaları və s. Amerikanın bazalarıyla, raketləri, təyyarələriylə doludur - onu qısa müddətdə yerində oturdarlar. İranla Suriya haqqında da heç danışmağa dəyməz.

Əgər Rusiyanın başında bütün bu dediklərimizi dərindən düşünüb nəticə çıxaran və öz xalqını sevən bir şəxs olsa, nəinki dərhal qoşunlarını Ukrayna torpaqlarından çıxarar, həmçinin keçmiş sovet respublikalarına, o cümlədən Azərbaycana qarşı imperiya ambisiyalarından əl çəkib öz kifayət qədər geniş ərazidə yerləşən və nəhəng sərvətlərə malik ölkəsini dirçəldib inkişaf etdirməklə məşğul olar...