Demək olar ki, SSRİ dağıldıqdan sonrakı ilk onillikdən, yəni XX əsrin sonlarından bəri müxtəlif həm siyasi, həm də ictimai dairələrdə, o cümlədən Azərbaycan cəmiyyətində Rusiyanın tezliklə parçalanacağı haqda mülahizə və versiyalar dolaşır. O vaxtlardan bu yana Qərb, ABŞ Kreml hakimiyyətinə qarşı müxtəlif sanksiyalar tətbiq edir, rəsmi Moskvanı diplomatik təzyiqlərə məruz qoyur. Lakin son iki onillikdə parçalanma yox, sanki bunun əksi prosesi baş verir. Bütün iqtisadi və siyasi sanksiyalara, böhranlara rəğmən Vladimir Putinin başçılığıyla Rusiya dünya və ətraf qonşuların gözündə hərbi-siyasi baxımdan daha da güclənir, hətta yeni ərazilər ilhaq edir... Müxtəlif postsovet və Yaxın Şərq ölkələrinə qoşun yeridir... Və s.
Kreml rəhbərinin bütün Qərb dünyası və beynəlxalq təşkilatların, eləcə də Türkiyənin etirazlarına baxmayaraq Ukraynadakı qondarma qurumların “müstəqillliyi”nin rəsmən tanınması haqda son qərarı da Rusiyanın çökəcəyi haqda iddiaları daha da şübhə altına qoyur...
Bəs belə bir şəraitdə bundan sonra Rusiyanın parçalanması haqda danışmaq doğrudurmu? Bu ölkənin parçalanmasının Azərbaycana faydası, yoxsa zərəri ola bilər?..
Politoloq Ərəstun Oruclu hafta.az-a növbəti geniş açıqlamasında mövzu ətrafında bu və digər sualları cavablandırıb:
“Öncə onu deyim ki, Azərbaycan da daxil olmaqla postsovet ölkələrində həmin dövlətlərə yaratdığı problemlər ucbatından Rusiyanın Qərb düşərgəsi tərəfindən parçalanacağı haqda mülahizələr, çox təəssüf ki, dominantlıq təşkil edir. Ona görə “çox təəssüf” deyirəm ki, belə müzakirələr və xüsusilə də onların ictimai fəal kəsim arasında geniş yer alması nəinki səmərəsizdir, hətta deyərdim ki, zərərlidir. Və bir qədər də uzağa gedərək deyərdim ki, olduqca zərərli və təhlükəlidir. Birincisi, ona görə ki, belə müzakirələr həmin fəal kəsimdə tamamilə yanlış istiqamətlərin üstünlük təşkil etməsinə imkan və şərait yaradır. Və insanlar sanki daha çox oturub gözləyirlər ki, Rusiya nə zamansa parçalanacaq, dağılacaq və biz öz dövlətimizi qurub, nəhayət, müstəqil, çiçəklənən bir ölkədə yaşayacağıq. Odur ki, bu tamamilə yanlış mülahizədir. Ona görə ki, bunu anlamaq üçün, sadəcə, iki tarixi mərhələyə diqqət etmək kifayət edir. Bunun biri 1917-ci ildə Rusiya imperiyasının parçalanmasıydı... Rusiya I Dünya savaşından məğlub çıxdı, daxildə siyasi çəkişmələr gedirdi, çar hakimiyyəti faktiki olaraq tədricən iflic vəziyyətinə düşmüşdü. Və nəticə etibarilə 1917-ci ildə həmin “sosialist inqilabı” deyilən dövlət çevrilişi baş verdi. Bununla da Rusiya imperiyasının əyalətləri olan ərazilərdə, o cümlədən də Azərbaycanda müstəqil dövlətlər yarandı. Amma aradan cəmi 5 il keçdi və 1922-ci ildə həmin bolşevik Rusiyası bütün keçmiş əyalətləri yenidən müstəqil dövlət statusundan məhrum edərək bu dəfə SSRİ adı altında birləşdirdi. Yəni söhbət çox qısa bir zamandan – 5 ildən gedir. Beləliklə də həmin dövlətlər, eləcə də Azərbaycan öz müstəqilliklərini itirdilər...
İndi gələk ikinci tarixi mərhələyə. Bu 1991-ci ildə SSRİ parçalandı, onun yerində 15 müstəqil dövlət yarandı. Və Rusiya çox qısa zamanda 3 Baltikyanı dövlət istisna olmaqla həmin müstəqil(!) dövlətləri Müstəqil Dövlətlər Birliyi(MDB) formatında yenidən öz təsiri altına aldı. Və indiyədək bu respublikaların böyük əksəriyyətində, qismən Gürcüstan və Ukraynanı, çox az dərəcədə də Moldovanı çıxmaq şərti ilə yenə Kreml hakimiyyətinin təsiri altındadır. Ona görə də hətta Rusiyanın özünün daxildən parçalanmasını gözləyərək öz dövlətimizdə zəruri olan inkişafın, islahatların həyata keçirilməsindən yayınmaq, dediyim ki, tamamilə yanlış və ziyanlı mülahizədir...
Bu səbəblərdən bu gün bizi Rusiyanın parçalanıb-parçalanmayacağı maraqlandırmamalıdır. Və ümumiyyətlə, belə bir şəraitdə bizim ictimai-siyasi kəsimdə hansısa qlobal siyasət, geo-siyasət haqqında mülahizələrin yürüdülməsi çox təəssüf ki, reallığa və obyektiv siyasi meyarlara əsaslanmır; guya ABŞ, Qərb, NATO Rusiyanı parçalayacaq və bundan sonra biz də rahat nəfəs ala biləcəyik. Sual olunur: birincisi bu, nə dərəcədə mümkündür, Qərb doğrudanmı Rusiyanın parçalanmasını istəyir? Mən düşünmürəm ki, Qərb bunu istəyir. Məhz bugünkü reallığa söykənərək demək lazımdır ki, birinci səbəb böyük hərbi maşına, o cümlədən də nüvə silahlarına və həmçinin onların daşıyıcı vasitələrinə: ən müxtəlif qitələrarası, yaxın, orta mənzilli raketlərə sahib olan bir ölkənin parçalanması dünya üçün, dünya birliyi və ümumiyyətlə, bütün planet üçün fəlakətli nəticələr verə bilər. İkinci bir səbəb Rusiyanın parçalanması, onun çöküşü baş verəcəyi halda Qərb üçün bu gün daha güclü təhdiq mənbəyi olan Çinin güclənməsi demək olardı. Təbii ki, bu baxımdan Rusiyanın dövlət olaraq parçalanması məntiqlə Qərbin, ABŞ-ın marağında olmamalıdır. Və mən düşünürəm ki, heç marağında da deyil. Rusiyanın malik olduğu böyük təbii resursların daha çox Qərblə əməkdaşlıq müstəvisində Amerika və Avropaya yönəlməsi həmin ölkənin nəzəri baxımdan parçalanacağı halda onların bu Çinin nəzarətinə keçməsindən daha əhəmiyyətlidir. Çünki bu Çinin həm iqtisadi, həm hərbi, həm də geo-siyasi baxımdan güclənməsi demək olardı. Şəxsən mən bunu real və mümkün hesab etmirəm. Və bayaq dediyim kimi, istər 1917-ci, istərsə də 1991-ci ildən sonra Rusiyanın qısa müddətdə öz gücünü bərqərar edə bilməsi onu göstərir ki, hətta belə bir parçalanma baş verərsə, heç kim təminat verə bilməz ki, bu imperiya yenidən dirçəlib ayağa qalxmayacaq. Çünki söhbət 300 ildən artıq imperiya təcrübəsi və imperiya resurslarına malik olan bir ölkədən gedir. Ona görə də biz bu cür mülahizələri kənara qoyaraq daha çox öz dövlətimizi qurmaq və gücləndirmək, ölkənin iqtisadi-sosial inkişafı, daxildə qanunun aliliyinin təmin olunması, vətəndaş-dövlət münasibətlərinin düzgün müstəvidə müəyyənləşdirilməsi haqda düşünməliyik. Və yalnız bu halda Azərbaycan və digər ölkələr, o cümlədən keçmiş sovet ölkələri üçün Rusiyanın parçalanıb-parçalanmayacağı və yaxud hansı keyfiyyətdə dövlət olacağı əhəmiyyətli olmur. Çünki iqtisadi cəhətdən güclü və beynəlxalq birliyin üzvü olan, yəni öz suverenliyinə, müstəqiliyinə, ərazi bütövlüyünə təminatı olan ölkələrlə Rusiya hakimiyyəti də sivil münasibətlər qurmağa məcbur olacaq. Bax, bu baxımdam da hesab edirəm ki, bütün vaxt, enerji və fəaliyyətimizi yalnız Rusiyanın nə vaxtsa parçalanacağına yönəltmək yanlış və zərərli yoldur. Və hətta Rusiyanın parçalanacağı halda, məsələn, konkret Azərbaycan üçün bunun müsbət nəticələrə gətirəcəyini söyləmək, zənnimcə, yanlış olardı. Ən azı ona görə ki, Azərbaycanın qonşuluğunda olan böyük və ziddiyyətlərlə dolu bir bölgə var; Şimali Qafqaz. Və Rusiyanın parçalanacağı halda həmin regionda qarışıqlıq yaranmasının istər-istəməz ölkəmizə də neqativ təsiri ola bilər... Xülasə, bu səbəblərdən və sadalamadığım digər səbəblərdən belə mülahizələrin gündəmi tutması heç də səmərəli və rasional yol deyil. Və əksinə, bizi xalq və dövlət olaraq əsas vəzifələrimizdən yayındırmağa xidmət edir...”