“Rusiyanın Qarabağ müharibəsinə müdaxiləsi üçün heç bir hüquqi əsas yoxdur” – Vasif Hüseynov

13:55 07.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın uğurlu əks-hücumları nəticəsində böyük itkilər verərək sürətlə geri çəkilən Ermənistan ordusu, son vaxtlar mülki əhalini cəm yaşadığı bölgələrə raket zərbəsi endirməyə başlayıb. Təbii ki, ermənilərin bu cür vəhşi və beynəlxalq qayda-qanunları tapdayan addımları dünya miqyasında qəbul edilmir. Hər halda Ermənistan bunu edir. Bəs məqsədi-məramı nədir, bəlkə belə edir ki, Azərbaycan da adekvat cavab verərək onların ərazisinə zərbə endirsin və nəticədə, Rusiya proseslərə müdaxilə etsin – hər şey ola bilər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovla söhbətləşərək, oxucularımızı maraqlandıran suallara cavab tapmaq istədik.

- Ermənistan döyüş meydanında acınacaqlı vəziyyətdən çıxmaq üçün müxtəlif təxribatlara əl atır. Döyüşlərin ilk günündən etibarən həm təbliğat aparmaqla, həm də Azərbaycanın müharibə zonasından kənar yaşayış məntəqələrini atəşə tutmaqla, ümumilikdə müharibənin xarakterini dəyişmək və üçüncü tərəfləri döyüşə cəlb etməyə çalışır. Azərbaycan Ermənistanın beynəlxalq hüquqa zidd bu əməllərini ifşa edərək onu beynəlxalq məhkəmələrə verəcək. Təbii ki, bu proses müəyyən vaxt tələb edir. Mövcud şəraitdə isə Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə haqqında 51-ci maddəsinə istinad edərək özünü həm ölkə ərazisində həm də ondan kənarda müdafiə etmək hüququna malikdir. Ermənilərin düşündüyün əksinə olaraq ölkəmizin Qarabağdan kənar ərazilərinə hücumlar nəinki xalqımızı qorxutmur əksinə onda Erməni işğalçılarına qarşı qəzəbi daha da artırır. Bizim amalımız artıq birdir: Düşmən ordusu ölkəmizin işğal edilmiş torpaqlarını qeydsiz-şərtsiz tərk etməlidir. Mən əminəm ki, həm xalqımızın həm də dövlətimizin qətiyyəti sayəsində bu tezliklə mümkün olacaq.

- Bir çoxlarının fikrincə, Ermənistan öz ərazisindən Azərbaycan şəhərlərini vurmaqla adekvat cavab almaq, sonra da Rusiyanın müdaxiləsinə şərait yaratmaq istəyir. Siz bu həssas məsələni necə şərh edərdiniz? Ümumiyyətlə, Rusiya bu prosesə müdaxilə edə bilərmi?

- Rusiya ilə Ermənistan arasında razılaşmalara görə bu dövlətin birinin ərazisinə hücum digərinin ərazisinə də hücum kimi qiymətləndirilir. İndiki halda ermənilərin çalışdığı da məhz bu müddəanı işə salmaqdır. Döyüşlərin ilk günündən etibarən biz oxşar cəhdlərin şahidi olduq. Gah iddia etdilər ki, Ermənistan ərazisində ermənilərin qırıcısı vurulub, gah da başqa yalanlar. Rusiya bunlara ermənilərin gözlədiyindən fərqli reaksiya verdi. Səbəb aydındır. Birincisi, döyüşlərin getdiyi ərazi Rusiya – Ermənistan razılaşmalarının əhatəsindən kənardır. Rusiyanın Qarabağ müharibəsinə müdaxiləsi üçün heç bir hüquqi əsas yoxdur. İkincisi isə, Rusiya Ermənistanın sərsəm bəyanatlarının və təxribatına reaksiya verərək Azərbaycanla münasibətləri korlamaq istəmir. Bunun nəticəsidir ki, biz rəsmi Moskvanın müharibəyə bitərəf münasibətinin şahidi oluruq.

- Maraqlıdır, markası nədir, bilmirəm, hər halda Azərbaycan ərazisinə Rusiya istehsalı olan uzaqmənzilli raketlər atır Ermənistan. Rusiya istehsalçı və təminatçı tərəf olaarq bu raketlərin məsuliyyətini daşıya, yəni, Ermənistana ərazisinə heç bir hücum olmadığı halda həmin silahdan atəş açmaması yönümündə təzyiq edə bilərmi?

- Ermənistana Rusiyanın belə təzyiq etməsi, onun yuxarıda dediyim bitərəflikdən uzaqlaşması anlamına gələr. Rusiya hazırda Ermənistanda hərbi bazası olan dövlətdir. Moskva tərəf tutaraq Ermənistanı ittiham etsə, bu onun regional siyasəti üçün müəyyən problemlərlə nəticələnər.

- Erməniyönümlü Qərb atəşkəs tələb edir, danışıqlar masasına qayıtmağımızı istəyir, Azərbaycanı sevən ölkələr isə atəşkəsin ölkəmiz üçün uduzmaq mənasına gələcəyini deyir. Sizcə nə etməliyik, irəli gedək, yoxsa daha nə qədər vaxt alacağını bilmədiyimiz atəşkəsə getməliyik?

- Dövlətimizin mövqeyi döyüşlərin yeddinci günü dövlət başçısı tərəfindən aydın ifadə edildi. Biz erməni hərbi qüvvələrinin ölkəmizin ərazisini tərk edəcəyi vaxta qədər döyüşməyə hazırıq və bu belə də olmalıdır. Atəşkəs müqaviləsi üçün də dövlət başçısı tərəfindən şərtlər irəli sürüldü. Bu heç şübhəsiz ki, bütün xalqımız tərəfindən təqdir olunan və dəstəklənən bir yanaşmadır. 30 illik işğal artıq sona çatmalıdır.

- Bu ağır vəziyyətdə dostumuz kim, düşmənimiz kim olduğunu görməkdəyik. Azərbaycanı həqiqi mənada müdafiə edən ölkələr bu vəziyyətdə də yanımızda oldular (Türkiyə, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, Moldova, müəyyən mənada İsrail, Belarus, Malayziya, Kolumbiya, İraq). Amma yaxşı vaxtımızda bizə qardaş deyən bəzi ölkələr açıq şəkildə Ermənistanı öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa çağırmırlar. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Əlcəzair – bütün ərəb ölkələri, son günlərədək İran açıq dəstək ifadə etmədilər...

- Azərbaycanın vətən müharibəsinə Cənubi Qafqazı əhatə edən üç böyük dövlətdən ikisi (İran və Türkiyə) rəsmi şəkildə dəstək verərək ərazi bütövlüyümüzün bərpasına çağırır. Yuxarıda vurğuladığım kimi, digər üçüncü dövlət olan Rusiyanın hazırda bitərəf mövqeyinin şahidi oluruq. Bizim üçün ən vacib əhəmiyyət kəsb edən məhz bizə qonşu olan bu böyük güclərin mövqeyidir. Digər dövlətlərin isə fərqli maraqları ola bilər ki, bəzən bu maraqlar üçün beynəlxalq hüququ da tapdalayarlar. Məsələn, xüsusilə Fransanı qeyd etmək istəyirəm. BMT-nin məlum dörd qətnaməsinə imza atmış bu dövlətin başçısı bu gün Türkiyə ilə ədavətlərinə görə, Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxır.

- Daha acınacaqlısı isə odur ki, türk ölkələri – Qazaxıstan. Özbəkistan, türkmənistan və Qırğızstan səslərini çıxarmır. Necə bilirsiniz, türk birliyi idayesı iflasa gedir, yoxsa başqa səbəb var? Axı Ermənistandan ordusunu geri çəkməsini tələb edən və Azərbaycanla birlikdə olduğunu deyən ölkələri heç kim cəzalandırmır, bunlar niyə çəkinirlər?

- Adını çəkdiyiniz türk dövlətlərindən Qırğızıstanda hazırda mövcud daxili vəziyyət bəllidir. Hökumət devrilib, son seçkilər tanınmayıb və sair. Bu şərtlərdə onlardan ciddi mövqe gözləmək düzgün deyil. Türkmənistanla bağlı da vəziyyət müəyyən dərəcədə aydındır. 90-cı illərdən etibarən özünü beynəlxalq münasibətlərdə bitərəf elan etmiş bu dövlət bu cür münaqişələrdə tərəf tutmaqdan ardıcılıq olaraq yayınır. Qazaxıstan və Özbəkistanın reaksiyası isə, əlbəttə, hamımızda təəccüb doğurur. Mən inanıram ki, növbəti günlərdə ərazi bütövlüyümüzün bərpasından sonra bu dövlətlərin də dəstəyini qazanacağıq. İndiki halda əsas qalib gəlmək və işğalçıları torpaqlarımızdan qovmaqdır. Sonra heç kim bizi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış torpaqlarımızı geri qaytardığımıza görə mühakimə edə bilməz.