Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ukraynalıları Rusiya Federasiyasında elan edilən səfərbərlikdən qorxmamağa çağırıb – onun fikrincə, Rusiya “özünü çıxılmaz dalana salıb”.
Hafta.az xəbər verir ki, idarə rəisi bu barədə “TSN” kanalına müsahibəsində bildirib.
“Səfərbərlik - bundan qorxmaq lazım deyil. Əslində, bu, bizim üçün bir hədiyyədir. Bu, yalnız artıq dayandırılması mümkün olmayan prosesi sürətləndirəcək. Bu, Rusiyanın ölümqabağı əzabıdır. Onlar indi bizim artıq yaşadığımız problemlə üzləşəcəklər”, - deyə Budanov bildirib.
O vurğulayıb ki, bu, Rusiya tarixində yalnız üçüncü dəfədir ki, ölkədə səfərbərlik həyata keçirilir. Birinci dəfə 1914-cü ildə, ikinci dəfə 1941-ci ildə - yəni iki dünya müharibəsi zamanı, üçüncü dəfə isə 2022-ci ildə...
"Rusiya indi özünü çıxılmaz vəziyyətə salıb. Prinsipcə, bundan hələ də çıxmaq mümkündür. Bunun üçün bütün bunların səhvən baş verdiyini etiraf etmək lazımdır - onlar bunu necə göstərəcəklərini yaxşı bilirlər, mexanizmləri və model işlənir - biz bunu aydın bilirik. 1991-ci ilin sərhədlərinə çəkilərək bütün dünya ilə bir növ dialoq qurmağa çalışmağa başlayacaqlar”, - deyə Budanov əlavə edib.
Onun fikrincə, bu, avtomatik olaraq Rusiyada hakimiyyətin ötürülməsi və “Rusiyanın uzun illər əvvəl ilhaq etdiyi” bir sıra ərazilərdən qurtulması deməkdir. Amma bundan sonra, Budanovun fikrincə, “Rusiya Rusiya kimi görünəcək” və o halda indiki kimi sərt şaquli hakimiyyətə malik unitar dövlət deyil, real federasiyaya çevrilə bilər. Rusiyanın dağılması ssenarisi və onun yerində “ən azı üç, əslində isə beş və ya daha çox” dövlət qurumunun yaradılması da mümkündür...