Rusiyaya qarşı zərbə qrupları yaradılır - Aleksandr Perenjiyev

12:00 17.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

G.V. Plexanov adına Rusiya İqtisad Universiteti Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü, hərbi politoloq  Aleksandr Perenjiyev Ukrayna ətrafındakı son gərginlik, eləcə də Rusiyanın Azərbaycanın Qarabağ torpaqlarındakı rəsmən sülhməramlı sayılan hərbi kontingentinin son 1 il 3 aylıq fəaliyyəti ilə bağlı Hafta.az əməkdaşının bir sıra suallarını cavablandırıb.

- Aleksandr Nikolayeviç, Ukrayna ətrafındakı mövcud gərginliyi necə qiymətləndirirsiniz? Təhlillərinizin son nəticələri hansılardır? Rusiya, həqiqətənmi, Ukraynaya hücum edəcək?

- Ukrayna ətrafında “Rusiya Ukraynaya hücum edir”  hay-küyü ilə ABŞ aşağıdakı hədəfləri güdür: birincisi, tanınmamış LXR və DXR ərazilərində yaşayan etnik rusları və ukraynalıları ukraynalılar və əslində "ukraynalılar" adlandırılan digər etnik ruslarla yenidən döyüşməyə məcbur etmək üçün Donbasda qırğın təşkil etmək. Əslində, söhbət vahid bir xalqın bir hissəsinin digər  hissəsinə qarşı vuruşmasından gedir.

İkinci hədəf. Rəsmi Vaşinqton və digər Qərb dövlətləri Ukraynanı güclü şəkildə silahlarla doldurur. Bu, təkcə birinci məqsədə nail olmaq üçün deyil, həm də silah və hərbi texnikanın dünya qara silah bazarına  tədarükü üçün Ukrayna ərazisində vahid tranzit və paylayıcı baza yaratmaq məqsədilə edilir. Bu yaxınlara qədər belə bir baza rolunu Əfqanıstan uzun illər oynayıb. Burada rəsmi Vaşinqton Kabildə onun nəzarətində olan hökumətin köməyi ilə silahlarını dünya qara bazarında satırdı. Və bir qayda olaraq  köhnə, işlədilmiş və  silinməli olan silahları... Əslində, hazırda Ukraynaya da məhz bu cür silahlar verilir.

 Üçüncü hədəf. Bu, görünməmiş hay-küy altında  artıq rəsmi Vaşinqton, NATO və digər müttəfiqlər tərəfindən Rusiyanın Arktika və Uzaq Şərq sərhədlərinə qarşı təcavüz üçün aktiv kəşfiyyat fəaliyyətləri həyata keçirilməyə başlanılır. Bu yerdə Rusiya Müdafiə Nazirliyinin Kuril adalarından birinin yaxınlığında ABŞ sualtı qayığının aşkarlanması ilə bağlı bəyanatını yada salmaq lazımdır. Kalininqrad vilayətinə və Rusiyanın Qara dəniz sahillərinə qarşı da zərbə qrupları yaradılır...

- Siz hərbi politoloq kimi eyni zamanda müəyyən dərəcədə etnosiyasi konfliktologiya üzrə də mütəxəssissiniz. Bu mənada necə düşünürsünüz, son 8 ildə iki slavyan xalqı – ruslar və ukrayınlar arasında, az qala, düşmənçilik həddinə çatan gərginliyin əsl mahiyyəti nədən ibarətdir? Obyektiv və ədalətli danışsaq,  bunda Rusiya və Ukrayna hakimiyyətlərinin, eyni zamanda Qərbin, ABŞ-ın günahları nədən ibarətdir?

- Bu, müstəsna olaraq, ilk növbədə, 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirmiş, nəticədə millətçi qüvvələrin hakimiyyəti ələ keçirməsinə şərait yaratmış rəsmi Vaşinqtonun günahıdır. Nezalejnayadan (millətçi ruslar bu ifadə ilə daha çox ironik və istehzalı məzmunla müstəqil Ukraynanı adlandırırlar - S.L.) anti-Rusiya yarandı. Ölkə əhalisinin ukraynlaşdırılmasının zorakı kursu aparılır. Ukrayna sakinlərindən Rusiyaya və ruslara nifrət edən bir çox insanlardan formalaşdırırlar və artıq formalaşıblar. Rəsmi Kiyev Vaşinqtonun və digər Qərb paytaxtlarının əmrlərini yerinə yetirən hökumətdir. Yeri gəlmişkən, Rusiyaya nifrət ABŞ tərəfindən digər slavyan xalqları - polyaklar, çexlər, bolqarlarda da dəstəklənir.

Yəni Baltikyanı ölkələr, Ukrayna və digər Şərqi Avropa ölkələri timsalında rəsmi Vaşinqton Rusiya ilə Qərbi Avropa arasında “sanitar kordonu" yaratdı. Məhz rəsmi Moskva ilə “Köhnə Avropa” arasında əməkdaşlıq ABŞ üçün ciddi, ilk növbədə, iqtisadi və son nəticədə siyasi çağırışdır. Belə əməkdaşlıq daha bir güc mərkəzi formalaşdırır ki, rəsmi Vaşinqton ona nəinki nəzarət edə bilməyəcək, əksinə, yenidən onunla siyasi-beynəlxalq, iqtisadi və hətta hərbi-siyasi təsir sferasında rəqabətə girməyə məcbur olacaq...

- Görünür, siz Krımın Rusiya Federasiyasına birləşdirilməsini də ədalətli sayırsınız? Həm hüquqi, həm də tarixi baxımdan?

- Bəli, bu,  ədalətlidir!

Birincisi, krımlıları onlara qarşı açıq repressiyalarından qorumaq lazım idi. Burada qondarma “dostluq qatarı”nı  sadalamaq olar: 2014-cü il mayın 2-də Odessada  onlarla adamın qeyri-insani yandırılması, Donbass sakinlərinin qətli və onların təhqir olunması... Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, qondarma milli batalyonlar tərəfindən edam, soyqırımı və digər soyqırımı aktları Donbasda hələ milis və “separatçı” rejimlərin olmadığı 2014-cü ilin mart-aprel ayının əvvəllərində başlayıb. Məhz soyqırımından müdafiə üçün Donbas sakinləri xalq milisləri yaratdılar və DXR və LXR-in yaradıldığını elan etdilər...

İkincisi, Krım SSRİ-nin dağılması zamanı qeyri-qanuni olaraq Ukraynanın tərkibinə daxil olub. İki anlayışı - SSRİ tərkibindəki Ukrayna SSR və müstəqil Ukrayna Respublikasını ayırd etmək lazımdır. Krım o zaman Ukraynanın bir hissəsi ola bilərdi ki, Ukrayna və Rusiyanın özü vahid dövlətin tərkibində olsun. Bir daha xatırlatmaq lazımdır ki, Krım RSFSR-in tərkibində olub və rus və ukrayna xalqları arasında dostluq simvolu kimi Ukrayna SSR-ə verilib!..

Üçüncüsü. Krım və Sevastopol xarici müşahidəçilərin nəzarəti altında keçirilmiş ədalətli referendumdan sonra öz əhalisinin azad iradəsinin ifadəsi nəticəsində Rusiyaya qayıdıb. Ona görə də Krımın və Sevastopolun ilhaqı olmayıb. Sadəcə, onların sakinlərinin Rusiya Federasiyasına qayıtmaq arzusu reallaşıb.  Eyni zamanda, Rusiya Federasiyasının bu subyektlərinin ərazisində Ukrayna, Krım-tatar, bolqar və digər dillərdən də sərbəst istifadə olunur. Son 7 ildə rəsmi Moskvanın səyləri ilə Krım yarımadası dilənçi və bərbad ərazidən abad əraziyə çevrilməkdədir. Rəsmi Bakının səyi ilə azad edilib məskunlaşdırılan 7 rayon, Şuşa və digərləri kimi!..

- Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Qarabağda son bir il 3 aylıq fəaliyyətini necə dəyərləndirirsiniz? Azərbaycan Prezidenti İlham Əliyev ümumilikdə bu kontingentin fəaliyyətindən razıdır. Amma o, öz çıxışlarında tez-tez Azərbaycan xalqını incidən və müəyyən dərəcədə Azərbaycan Respublikasının suverenliyini də təhdid edən bəzi nüanslara da eyham vurur. Məsələn, bu kontingentin ilk komandiri general-leytenant Rüstəm Muradov 2020-ci ilin noyabrında Qarabağda işinə başlayan kimi ilk işi olaraq Xankəndinə gəlib erməni separatçılarının qondarma lideri Arayik Arutyunyanla qucaqlaşaraq görüşüb. Halbuki, həmin Arutyunyan  44 günlük müharibə zamanı Gəncəni ballistik raketlərlə bombalamağı əmr etdiyi üçün Azərbaycan dövləti tərəfindən axtarışa verilmişdir... Yaxud 2021-ci ilin oktyabrında Azərbaycan hərbçilərinin postuna əl qumbarası atan erməni terrorçusu Norayr Mirzoyan sülhməramlılar tərəfindən dərhal Xankəndinə, yəni separatçı rejimə qaytarılıb. Baxmayaraq ki, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən bu faktla bağlı cinayət işi başlanıb...

- Hesab edirəm, Rusiya sülhməramlılarının iştirakı ilə bağlı bütün problemlər 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış üçtərəfli münasibətlər çərçivəsində həll edilməlidir və edilir. Rusiya sülhməramlıları Rusiya Müdafiə Nazirliyinə və müəyyən mənada Rusiya Xarici İşlər Nazirliyinə, nəhayət, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə tabedirlər. Ona görə də bütün bu kimi problemlər dövlət rəhbərləri, xarici siyasət və hərbi idarələr vasitəsilə həll edilməlidir. Eyni zamanda, diqqətinizi ona cəlb edirəm ki, sülhməramlılar öz sülhməramlı missiyasının qaydaları çərçivəsində hərəkət edirlər. Ona görə də onlar üçün separatçılar anlayışı yoxdur. Bircə anlayış var - yerli sakinlər və yerli rəhbərlik. Məhz bu konsepsiyalar çərçivəsində sülhməramlıların komandanlığının yerli əhali və onların rəhbərliyi ilə qarşılıqlı əlaqəsi həyata keçirilir...

- Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi internet saytında Rusiya sülhməramlı kontingentinə aid bölmədəki xəritə və xəbərlərdə Azərbaycan Respublikasının şəhər və kəndlərinin adları ölkəmizin müasir rəsmi-inzibati xəritələrinə uyğun olaraq adlanmır. Və sanki işğalçı, separatçı ermənilərin xoşuna gəlmək üçün, demək olar ki, hər gün təhrif edilir.  Məsələn, Xankəndi əvəzinə "Stepanakert", Ağdərə-"Mardakert", Xocavənd-"Martuni" və s. yazılır, deyilir. Məgər bu, ədalətlidirmi?

- Bilirsiniz, qeyd edilən ərazilərdə etnik ermənilər yaşayır.  Həmin yaşayış məntəqələrinin sakinlərinin (mən vurğulayıram: bu ərazilərin özlərinin deyil, sakinlərinin) statusu tənzimlənməyib. Ona görə də sülhməramlı kontingentin xəritələrində sözügedən yaşayış məntəqələri orada yaşayan yerli sakinlərin özlərinin  adlandırdığı kimi  adlandırırlar...