Rusiyanın Ukraynaya qarşı işğalçı hücumları davam etdikcə müharibənin miqyası və ziyanları da artır. Əvvəl ildırımsürətli hücumla irəliləyən rus işğalçılar artıq yerlərində sayırlar. Səbəb nədir: ukraynalılar düşmənin qarşısında birləşib, toparlana bildilərmi, bəlkə xaricdən dəstək artıb, yaxud döyüşə indi daha hazırlıqlıdırlar? Bəlkə bütün bunlarla yanaşı, prezident Vladimir Zelenskinin hərbi mundir geyinib əsgərlərlə birlikdə döyüşməsi xalqı işğalçını dayandırmağa ruhlandırıb?
Hazırda Kiyevdə yaşayan Krım tatarlarının lideri Abdulcəmil Krımoğlu da bu qənaətdədir ki, xalq bu gün vətəni müdafiədə daha səfərbərdir və Zelenskinin qəhrəmanlığı onlara güc verir...
- Qələbə günahsız xalqı cəzalandırmaq, silah gücüylə onların vətənini işğal etmək, yandırıb-yaxmaq və müdafiəsiz, əliyalın insanları qətlə yetirmək deyil, ədalətsiz işğala qarşı ölkəsini müdafiə edən cəsur insanların xalqı ilə birlikdə başlatdığı müqavimətin adıdır. Bizim cavan dövlət başçımız var – Vladimir Zelenski. O, bu gün İngiltərə, Amerika və İsrail kəşfiyyatlarının “Kiyevdən sizi və ailənizi təhliyyə edək” təkliflərini rədd edərək, “Mən son damla qanımadək vətənimin və xalqımın müdafiəsinə dava edəcəyəm. Qaçmayacağam və ordumuzla birlikdə xalqımızın başlatdığı şanlı müqavimətin, bir prezident və bu xalqın övladı olaraq önündə olacağam və xanımım və övladlarım da sonadək mənimlə birlikdədirlər” deyən prezidentdir. Əvvəl hər kəs onu şoumen olaraq tanıyırdı. Amma sübut elədi ki, sənətindən-peşəsindən asılı olmayaraq, xalqın cəsur övladıdır. Məhz onun cəsur davranışı, duruşu xalqa ilham verdi və onu özünə örnək bilən bir çox millət vəkili, siyasətçi və xalq kütlələri müqaviməti davam etdirir. Hesab edirəm ki, bütün hallarda qələbə qazanan birmənalı olaraq məhz Vladimir Zelenskidir – o, qəhrəmandır. Məhz onun qəhrəmanlığın sayədində bu gün düşmənlə savaşan 240 minlik ordu ilə yanaşı 400 mindən artıq mülki vətəndaş da könüllü olaraq silahlanıb. Üstəlik, bu günahsız, qəhrəman xalqın rus istilasından qorumasına dəstək üçün döyüşlərə xaricdən gəlmiş 30 mindən çox könüllü əcnəbi də dəstək verməkdədir.
- Düşmən Kiyevi işğal edərsə, hansısa alternativ planlarınız olacaq?
- Əlbəttə. Şərtlərə görə yeni vəziyyət alaraq müqavimətə davam edəcəyik. Kiyev işğal olunsa parlament Ukraynanın daha təhlükəsiz yerində işinə davam edəcək və müqavimət hərəkatı partizan müharibəsinə çevriləcək. İtki versək də, Rusiyanı çökdürəcəyik və işğalcı Putinin ordusu ölkəmizdən qaçmağa məcbur olacaq. Biz rus ailələrinə “övladlarınızı qoruyun və ordudan geri alın, cəzasını çəkin, amma Ukraynaya gəlməyə qoymayın”, rus əsgərlərə də çağırış edərək “Ukraynaya gəlməyin. Gəlsəniz ya öləcəksiniz, ya əsir düşəcəksiniz, ya da heç bir günahı olmayan insanları öldürərək ömür boyu vicdan əzabı çəkəcəksiniz” deyirik.
- Ukraynada indiki vəziyyəti necə qiymətləndirirsiniz?
- Əslində biz 1996-cı ildə xəyanətə uğradıq. O vaxtadək əlimizdə nüvə silahı vardı. Amma məhz 1996-cı ildə Budapeştdə ərazi bütövlüyümüzün təhlükəsizliyinə Fransa, İngiltərə, Amerika və Rusiyadan təminat alaraq atom bombalarını Moskvaya verdik. Baxın: bu gün məhz həmin təminatçı ölkələrdən biri olan Rusiyanın hücumuna məruz qalmışıq, digər təminatçı ölkələr isə bizi birbaşa müdafiə edə bilmirlər. Deməli, nüvə silahından imtina etməklə böyük səhvə yol vermişik.
- Sizcə Putin nəyə əsasən Ukraynanın işğalında israrlıdır, onu öz təbirincə desək, buna vadar edən nədir?
- Ukraynanın bircə günahı var: böyük Rusiya imperiyası yaratmağa çalışan Putinə boyun əymir! Putin günümüzün Stalinidir. Onun qəbul etmədiyi bir reallıq isə SSRİ-nin dağılmasıdır. Çalışır ki, Sovet imperiyasınını sərhədlərini yenidən bərpa eləsin. Məhz bu məqsəd uğrunda xəyal quran Putin, əslində çox böyük macəraçıdır və bu yolda çoxlu müharibələr edəcək, qan tökəcək. Çeçenistanı işğal elədi, 2008-ci ildə Gürcüstana müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı qopardı. 2014-cü ildə Krımı işğal elədi və ardıyla da Donbas bölgəsində separtçı rejim yaratdı. İndi çalışır ki, Ukraynanı bütövlükdə Rusiya birləşdirsin. Amma yenə deyirəm: Putin Ukraynanı əsla məğlub edə bilməyəcək və bunun heyfini mütləq başqa bir ölkədən çıxacaq.
- Necə bilirsiniz, rus xalqı Putinin siyasətini dəstəkləyir?
- Əminəm ki, rus xalqı onun kimi düşünmür. Gördünüz, ruslar zalım hakimiyyətin bütün təhdidlərinə rəğmən küçələrə çıxdılar və Putinin Ukraynaya qarşı siyasətinə etiraz elədilər. Bildiyimə görə, 4,5 min etirazçı həbs olunub. Ukrayna ordusuna əsir düşən rus əsgərlər Ukraynada müharibəyə başlayınca hara və niyə gəldiklərini bilməyiblər. Onlar döyüşmək istəmirlər.
- Müharibədə itkilər çoxdur? Ukrayna tərəfi bir rəqəm söyləyir, Moskva isə başqa söz deyir...
- Biz böyük vəhşiliklə üz-üzəyik, əlbəttə ki, itkilər çoxdur. Ancaq ruslar daha böyük itkilər verməkdədir. Məndə olan məlumata əsasən, rusların itkisi 12 mindən çoxdur, 32 min də yaralıları var. Ukraynalılar dəfələrlə Rusiya komandanlığına təklif ediblər ki, ölmüş əsgərlərin cəsədlərini verməyə hazırdılar, amma qarşı tərəfdən reaksiya yoxdur. Bunun da səbəbi var: ölən əsgərlərinin cəsədlərini almaq istəmirlər, aldıqlarının da çoxunu yandırırlar. Təsəvvür edin, minalanmış ərazilərə tankdan əvvəl əsgərlərini göndərirlər. Əsgərlərin parça-parça olması bahasına minalar partlayır, sonra tankları sürürlər. Bizdəki məlumata əsasən, Ukraynada döyüşən Rusiya qoşunlarının tərkibində çox sayda çeçen, dağıstanlı, tatar, qazax, qırğız və sair kimi qeyri-rus əsgərlər var. Rus generallar bax bu cür dəhşətli müharibə cinayətləri törətməkdədirlər.
- Ümumiyyətlə, müharibənin sonunu necə görürsünüz?
- Bu müharibə Putinin sonu ola bilər. Çünki sanksiyalar təsirini göstərdikcə rusların vəziyyəti ağırlaşır və təbii ki, Putinə qəzəbləri də artır. Heç şübhəsiz, Putinin növbəti hədəfləri bütün keçmiş Sovet respublikaları olacaq. Çünki o, dəfələrlə üstüörtülü siqnallar verib bu barədə. Hətta güclü müqavimətlə rastlaşdığı halda əlindəki nüvə silahından istifadəyə çalışacaq. Buna baxmayaraq, onun sonu yaxınlaşır. Onu ancaq yaşadıqlarından bezən rus xalqı dayandıra bilər.
- Yeri gəlmişkən, sanksiyaların bəhrə verəcəyinə əminsiniz?
- Sanksiyalar vaxtilə o boyda SSRİ-ni siyasi arenada tamam tək qoymuşdu. Bu gün də tədricən təsirini göstərməyə başlayır, artıq rus iqtisadiyyatı ciddi zərbələr almaqdadır. Bu vəziyyətin daha da ağırlaşacağı qaçılmazdır. Hazırda zəifləyən iqtisadiyyat müəyyən vaxt sonra tamamilə gəlirlərini itirməyə başlayacaq. Qərb çalışır ki, iqtisadi vəziyyəti ağırlaşdırmaqla Putini rus xalqı ilə üz-üzə qoysun. Bu səbəbdən deyirəm ki, Rusiyada proseslər yolun sonuna doğru irəliləyir.
- Dediniz ki, Putin məcbur qaldıqda nüvə silahından istifadə edəcək. Məncə bu mümkün deyil...
- Putin nüvə silahını hücuma hazır gətirmək üçün əmr verib. Bu əmri verməyin özü cinayətdir. Kremllə Qərb arasında artan gərginlikdən dolayısı, üçüncü dünya müharibəsinə sürüklənir bəşəriyyət. Dünyada ən böyük təhlükə hesab edilən nüvə silahı ilə bütöv bir şəhəri məhv etmə ehtimalı var. Diktator Putinin nüvə hədələrini nəzərə alan dövlətlər müdafiə və təhlükəsizlik siyasətlərini də dəyişdirməyə başlayıblar. Putinin bu təhdidi onun nə dərəcədə qəddar və psixoloji baxımdan narahat biri olduğunu göstərir.
- Krım tatarlarının lideri olaraq deyə bilərsiniz hazırda Krımda nə qədər tatar yaşayır?
- Rusiyanın işğalından əvvəl – 2014-cü ilədək yarımadada 300 minə yaxın tatar yaşayırdı. Amma məlum işğaldan sonra onların böyük hissəsi Ukraynaya köçdü. Bu gün Krımda 30 min, Ukraynada isə 300 min civarında tatar-türkü yaşayır.