Rusiyada keçirilən sorğunun nəticələrinə görə, rusların 66 faizi Allaha inanır. Ümumrusiya İctimai Rəy Mərkəzi VTsİOM-un yaşı 18-dən yuxarı 1600 vətəndaşla keçirdiyi sorğu maraqlı nəticələr ortaya çıxarıb.
Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına görə, sorğuda iştirak edən rusların 66 faizi özlərini dindar adlandırıb. Bundan əlavə, respondentlərin 86 faizi özünü pravoslav hesab etdiyi halda, 44 faizi cənnətə, 41 faizi isə cəhənnəmə inanır.
Mələklərin varlığına inanan rusların faizi 56-dır, respondentlərin 15 faizi isə ayda ən azı bir dəfə kilsəyə gedir. Ümumiyyətlə, rusların 51 faizi vaxtaşırı kilsəyə gedir, 31 faizi isə əksinə heç vaxt getməyib.
Həmçinin, sorğuya əsasən, Allaha inanan qadınların kişilərdən daha çox olduğu aşkarlanıb. Allaha inandığını deyən qadınların nisbəti 73 faiz olduğu halda, kişilərdə bu nisbət 56 faiz təşkil edir.
Digər tərəfdən, Allaha inananların 71 faizi 35-44 yaş qrupunda olan insanlardır. Bu nəticəyə görə Sovet İttifaqının son illərində və 90-cı illərdə böyüyənlərdə Allaha inancın daha yüksək olduğu anlaşılır.