Prezidentlər Vladimir Putinlə Donald Tramp arasında bu axşam Alyaskada keçiriləcək görüşdən əvvəl Rusiya ictimaiyyətinin gözləntiləri ilə bağlı INSOMAR sorğusu bir sıra fikirlər ortaya qoyub. Sorğunun nəticələrinə görə, rusiyalıların 39 faizi görüşdən xəbərdardır, 48 faizi isə “bu barədə nəsə eşitdiklərini” bildirib.
Hafta.az-ın yazdığına görə, respondentlərin 20 faizi iki liderin Ukraynadakı münaqişəyə son qoymaq üçün razılığa gələcəyinə inanır, 40 faizi isə danışıqları “prosesdə ilk addımlar” hesab edir. Digər 25 faiz isə heç bir razılaşma əldə olunmayacağına və danışıqların çıxılmaz vəziyyətə düşəcəyinə inanır.
RBC-nin istinad etdiyi sorğuya əsasən, rusların 34 faizi görüşdən sonra vəziyyətin yaxşılaşacağına inanır, yalnız 5 faizi isə daha da pisləşəcəyini proqnozlaşdırır, 45 faiz dəyişikliyin olmayacağını deyir, 16 faizin isə heç bir fikri yoxdur.
INSOMAR-ın siyasi təhlil direktoru Viktor Poturemski bildirib ki, "Rusiyada ümumi yaxşılaşma gözləntiləri pisləşmə gözləntilərindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bununla belə, cəmiyyətin mövqeyi ehtiyatlıdır və bu, həddindən artıq gözləntilərin olmadığını göstərir".
Siyasi məsləhətçi Valentin Bianki də sorğunun nəticələrinin “daha çox ümid, daha az uzaqgörənlik” verdiyini bildirib. Bianki, "Tamamilə şübhə ilə yanaşan 25 faiz və 40 faiz mülayim qrup Rusiya cəmiyyətinin bu məsələyə olduqca rasional baxdığını göstərir. Qlobal məsələlərdə bu, qeyri-adi deyil" deyib. Bianki həmçinin qeyd edib ki, mediada yüksək gözləntilər yaratmaqdan yayınan məlumatlar bu vəziyyətə səbəb olur.