Sabah Bosniya və Herseqovinada ümumi seçkilər keçiriləcək

15:31 01.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 2-də Bosniya və Herseqovinada ümumi seçkilər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mürəkkəb siyasi quruluşa malik olan Bosniya və Herseqovinada seçkilərdə Rəyasət Heyətinin üzvləri ilə yanaşı, iki inzibati vahid - Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasının rəhbərləri, 10 kanton, əyalət səviyyəli hökumət üzvləri, deputatlar müəyyən olunacaq. Seçkilərdə 90-ı siyasi partiyadan, 17-si müstəqil namizəd və 38-i koalisiya üzvləri olmaqla 145 nəfər namizəd kimi iştirak edəcək.

Seçkilərdə 3 milyon 368 min 666 nəfər səsvermə hüququna malikdir. Xarici ölkələrdən poçt və ya nümayəndəliklər vasitəsilə 69 min 966 nəfər səs verə biləcək.

Bosniya və Herseqovinadakı müharibədən sonra keçiriləcək sayca 9-cu seçkidə dövlətin ən yüksək vəzifəsi sayılan Rəyasət Heyətinin bosniyalı, serb və xorvat üzvü postu uğrunda 10 namizəd mübarizə aparacaq.

Seçkilərdə 42 nəfərlik üzü olan Bosniya və Herseqovina Nümayəndələr Palatasına Bosniya və Herseqovina Federasiyasından 28, Serb Respublikasından isə 14 deputat seçiləcək. Bosniya və Herseqovina Federasiyasının Nümayəndələr Palatasına 98 üzv, Serb Respublikası Xalq Məclisinə 83 üzv seçiləcək. Bosniya və Herseqovina Federasiyasının 10 kantonundakı parlamentlərə isə 283 nümayəndə seçiləcək.

Oxunma sayı 2084