“Şagirdlərin telefondan istifadəsi QADAĞAN EDİLSİN” - MÜZAKİRƏ

16:52 28.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər orta məktəblərdə şagirdlərin çəkdiyi görüntülər ölkə gündəmində böyük səs-küyə səbəb olub. Kimisi bu işdə, məktəbi, kimisi müəllimləri, kimisi də şagirdləri günahlandırır. Ancaq günahlandırmaq heç nəyi dəyişmir, məsələnin həlli üçün addım atmaq lazımdır. Təhsil Nazirliyindən isə deyilir ki, şagirdlərin məktəbdə telefon istifadəsilə bağlı yeni qaydalar hazırlanır.

Bəs görəsən telefonla bağlı qoyulacaq hər hansı məhdudiyyət problemi həll etməyə çarədirmi? Ümumiyyətlə məktəblərdə şagirdlərin telefondan düzgün istifadəsini necə tənzimləmək olar?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən psixoloq Nərmin Vəliyeva bildirdi ki, problemi məktəblilərin etdikləri əməli videoya çəkib paylaşmaqda yox, həmin davranışlarda axtarmaq lazımdır. Əgər bir şagird ayağını stolun üstünə qoyursa, bu əməlini çəkib paylaşmasa belə edəcək:

“Bu gün məktəbli uşaqların telefon istifadə etməsi heç də zəruri deyil. Lakin buna qadağa qoyulsa belə əməl etmək mümkünsüz görünür. Deyək ki, məktəblərin birində güclü nəzarət oldu və uşaqların telefon istifadəsinə qadağa qoyuldu. Ancaq unutmaq olmaz ki, problem məktəblinin telefon istifadə etməsində deyil, ondan düzgün istifadə etməməsindədir. Hansısa bir uşaq ayağını masanın üstünə qaldırıb bunu videoya çəkir. Məktəbli ayaqlarını stolun üstünə qoyacaq qədər davranış pozuntusu sərgiləyirsə, o bunu video çəkməsə də edəcək. Demək, problem telefon istifadəsini məhdudlaşdırmaqla həll olmur. Əgər uşaqlarımızı tərbiyəli yetişdirmək istəyiriksə sadəcə telefon amilinə fokuslanmaq yanlış olardı”.

Vəliyevanın sözlərinə görə, yaranan problemlərin həllində məktəblərin üzərinə böyük öhdəlik düşür:

“Məktəb psixoloqları yaxşı işləməlidir. Bunun üçün mütləq ailə ilə kompleks şəkildə hərəkət edilməlidir. Məktəbə hər telefon aparan uşaq ondan qeyri-etik istifadə etmir. Bəzi şagirdlər telefonunu heç çantasından belə çıxartmır. Çətin tərbiyə olunan uşaqların tərbiyəsi və psixologiyası ilə vaxtında məşğul olduqda cəmiyyətə sağlam şəxsiyyət bəxş edə bilərik. Sadəcə telefon qadağası ilə heç bir problem həll edilməyəcək”.

Təhsil eksperti Kamran Əsədov isə, orta məktəblərdə şagirdlər üçün mobil telefon istifadəsinin qadağan olunmasını zəruri hal kimi qiymətləndirir. O, həmçinin müəllimlərə də dərs vaxtı telefon işlətməyin yasaqlanmalı olduğunu bildirir:

“İlk növbədə qeyd edim ki, ölkəmizin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır. Hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur. Elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki, dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur”.

Ekspertin fikrincə neqativ halların qarşısını almaq üçünn məktəblərdə ciddi işlər görülməlidir. Ən başlıcası isə, məktəbə gətirilən elektron vəsaitlərin dərs başlamadan öncə saxlanılması üçün şərait yaradılmalıdır:

“Əlbətdə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni onun məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyininə operativ məlumat verir.  Amma bunun üçün təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar. Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tətqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər”.

K.Əsədov qabaqcıl dünya ölkələrinin hazırda bu istiqamətdə gördükləri işləri də nümunə göstərdi:

“Dünya ölkələrində də bundan istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər”.

Mütəxəssislər isə hesab edirlər ki, övladından xəbər tutmaq istəyən valideynlər üçün bu işdə tək vasitəçi mobil telefonlar deyil. İndi təxmini qiyməti 100-200 manat arası olan saatlar var ki, onlar uşaqlarla əlaqə yaratmağa köməkçi olur. Qeyd edək ki belə cihazlar hazırda ölkəmizdə də satılmaqdadır. Onlar həm də “GPS” funksiyası ilə uşaqları olduğu yerləri görmək imkanı yaradır.

Oxunma sayı 898