Şagirdsiz kənd məktəbləri - Aktual

11:23 06.10.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda Gədəbəyin icra başçısı rayon məktəblərində dərsə davamiyyəti və dərs prosesinin hansı formada təşkil edilməsini öyrənmək məqsədilə rayon ərazisində iki məktəbə baş çəkib. Başçının ziyarət etdiyi məktəblərdə bir sıra diqqətçəkən məqamlar ortaya çıxıb. Məsələn, məlum olub ki, bu məktəblərdə təhsil alar XI siniflər üzrə 55 şagirddən heç biri məktəbdə yoxdur. Eyni zamanda, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla heç bir əlaqəsi olmayan şəxslərdir.

Qeyd edək ki, yuxarı siniflərdə dərsə davamiyyətin zəif olmasına ölkənin əksər məktəblərində rast gəlinir. Eyni zamanda, müşahidələr göstərir ki, xüsusilə 9-cu sinifdən başlayaraq valideynlər kütləvi şəkildə öz övladlarını təhsil aldığı məktəbdən çıxararaq daha ucqar təhsil müəssisələrinə yerləşdirirlər. Hətta bunun üçün məktəb rəhbərliyi ilə valideynlər arasında müəyyən sövləşmələrin olduğu da bildirilir.

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu mənzərə təhsil sisteminə heç də yad deyil. Onun sözlərinə görə belə hallara respublikanın əksər ümumtəhsil müəssisələrində rast gəlmək mümkündür: “Bu təkcə direktorlarla deyil, Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış məsələdir. Gədəbəyin icra başçısı ən azı məktəbi yerində tapıbsa, buna görə sevinməlidir. Qeyd edim ki, ölkədə 4432 orta ümumtəhsil məktəbi var və burda 1,6 milyon şagird təhsil alır. Etiraf edək ki, şagirdlər 9-cu sinifi bitirəndən sonra biz baxırıq ki, elektron sistemdə şagirdlərin kütləvi şəkildə xüsusən Bakıdan bölgələrə, yaxud da Bakıətrafı məktəblərə yerdəyişməsi baş verir. Bunun əsas səbəbi X-XI  siniflərdə şagirdlərin repetitor yanına, hazırlıq kurslarına bilavəsitə getməsi ilə bağlıdır. Orta məktəblərdə təhsilin keyfiyyəti o qədər də yüksək deyil ki, şagirdlər məktəb divarları arasından birbaşa ali məktəbə daxil olsunlar. Burada şagirdləri müəyyən qədər başa düşmək də olar. Hesab edirəm ki, nazirlik bu məsələyə öz maddi maraqlarına görə göz yumur. Şagird yerdəyişməsi elektron qaydada aparılır və nazirlik də kütləvi yerdəyişmənin baş verdiyini görür. Məktəblərdə adi monitorinq aparılsa, mövcud vəziyyət ortaya çıxacaq. Hətta xatırlayıram ki, səhv etmirəmsə, 2020-ci ildə olimpiada qalibi olan və qızıl medal alan bir şəxs bizim məktəbim məzunu idi. Mən ona yaxınlaşıb müəllimləri soruşdum və məlum oldu ki, həmin şagird heç məktəbin harada yerləşdiyini belə bilmir. Yəni, adı məktəbdə gedib, özü hazırlıq kursunda, repetitor yanında olub. Belə hallar baş verir və bu ciddi bir məsələdir. Bunun aradan qaldırılması üçün bütün məktəblərin girişində barmaq izi ilə işləyən turniketlər olmalıdır. Bu sistem kartla olsa, məktəb direktorları Elm və Təhsil Nazirliyi ilə yenə də razılaşdırıb uşaqların illik 2-3 min manata dərsə gəlməməsinə göz yumacaqlar. Amma biz mütləq şəkildə qaydalara dəyişiklik etməliyik. Ali məktəblərə daxil olmaq istəyən şəxslərin orta məktəbdə davamiyyəti minimum 70-80 faiz olmalıdır. Bu gün məktəblərdə davamiyyətin heç bir əhəmiyyəti yoxdur. Hazırda məktəblərin funksiyası yalnız I sinifdən IX sinifə qədər uşaqların bir neçə saat saxlanmasından başqa bir xidməti yoxdur. Şagirdlər repetitor yanına, hazırlıq kurslarına gedirlər. Əslində uşaqların məktəbdə olmaması yaxşı hal deyil. Bu dövlətin verdiyi pulun boşa getməsindən başqa bir şey deyil. Ona görə biz bu kimi problemlərin aradan qaldırılması üçün həm də elektron jurnal tətbiq etməliyik”.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, xüsusilə XI siniflərdə davamiyyətin aşağı olması barədə onlara da mütəmadi olaraq məlumatlar daxil olur: “Daha çox şəhər məktəblərindən valideynlər övladlarını çıxararaq ucqarlarda məktəblərə yazdırırlar. Həmin uşaqlar əslində məktəblərdə bir gün də olmurlar. Məktəb bütövlükdə təhsil və tərbiyə ocağıdır. Şagirdin məktəbə getməsi, dərslərdə iştirak etməsi və davamiyyətə riayət eləməsi birmənalı olaraq lazımdır. Əgər hansısa direktor bu kimi hallara göz yumursa, hesab edirəm ki, həmin şəxs cəzalandırılmalı və məktəbdən uzaqlaşdırılmalıdır. Siz də bilirsiniz ki, bu kimi hallar nəyin qarşılığında baş verir. Hətta şaiyələr var ki, 2000-3000 manat müqabilində direktorlar şagirdlərin məktəbdən yayınmasına yol verirlər. Düşünürəm ki, biz məktəblərə normal direktorlar təyin etmədikcə bu kimi hallar yaşanacaq. Çox açınacaqlı haldır ki, bu gün bizim şagirdlər repetitor yanına gedərək ali təhsil müəssisəsinə daxil olurlar. Əlbəttə repetitor yanına getmək xeyli zaman alır. Bu mənada valideynləri başa düşürəm. Bu, çıxış yolu deyil, biz məktəblərdə təhsilin səviyyəsini artırmalıyıq. Ən azından məktəblərimizdə elə təhsil verməliyik ki, maksimum 700 ballıq şkaladan heç olmasa 500 balı şagird məktəbdə aldığı biliklərlə toplaya bilsinlər. Sirr deyil ki, bu gün məktəblərdə yaxşı müəllimlər dərs demirlər, şagirdlərə müştəri gözü ilə baxırlar. Bu çox acınacaqlıdır. Əlbəttə Elm və Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən qurum kimi bu məsələlərə məsuldur. Amma bunu təkcə nazirlik yoluna qoya bilməz. Cəmiyyət özü də bu məsələlərdə aktiv iştirak etməlidir. Məktəbi “bazar”a çevirənlər məktəbdən mütləq şəkildə uzaqlaşdırılmalıdır”.