Xalqının söz yaddaşının keşiyində dayanmış şair Adil Cəfakeş Badamdar bələdiyyəsinin sədrindən şikayətçidir.
Adil Cəfakeş 1966-cı ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub. O, Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirsə də, hələ uşaq yaşlarından saza-sözə könül verib. Bu el sənətkarının indiyə qədər üç kitabı (“Bir ağı de, ay ana”, “Yolçu, hara gedirsən”, “Ağam Alıdı”) işıq üzü görüb. Adil Cəfakeş həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Adil Cəfakeş aşıq sənətini, sazın sirlərini öz həmkəndlisi Mehbalıdan öyrənib. Mehbalı qədim havalara, Qarabağın ustad aşıqlarına yaxşı bələd bir sənətkarıydı. Adil Cəfakeş “Ağbaba gülü”, “Sarıtorpaq”, “Zəngəzur gözəlləməsi”, “Dərvişi”, “Dərbəndi” kimi saz havalarını ustadından əxz edib. Mehbalı, təxminən, 61 yaşında, 1992-ci ilin mayında Laçının işğalı zamanı itkin düşüb.
Yeri gəlmişkən qeyd edim ki, Adil Cəfakeş həm yaradıcı aşıq, həm də sazbənddir. Musiqi duyumu qüvvətli olduğundan bir neçə saz havası da yaradıb. O, yaşı çox olmasa da, Qarabağ aşıq mühitinin Laçın qolunu təmsil edən ustad aşıqlar haqqında kifayət qədər bilgiyə malikdir. Məsələn, mən onun vasitəsilə ilk dəfə Aşıq Səlim, Aşıq Cəfərqulu, Aşıq Ələmşah və başqaları haqqında az-çox məlumat əldə etmişəm. Yəni Mehbalının ustadı öz babası Aşıq Səlim, onun ustadı isə Aşıq Cəfərqulu olub. Aşıq Cəfərqulunun yaratdığı bir neçə saz havası (“Zəngəzur gözəlləməsi”, “Sarıtorpaq”) dövrümüzə qədər gəlib çatıb. Aşıq Adil Cəfakeşin dediyinə görə, bu havalardan “Sarıtorpaq”a bəzən “Sarıqaya” da deyirlər. Onu da qeyd edim ki, Aşıq Cəfərqulunun ustadı Laçının Kamallı kəndindən olan Aşıq Ələmşahdır. Deyilənə görə, Aşıq Ələmşah çox təbli aşıq olub. O, Aşıq Ələsgərlə dostluq eləyib. Təəssüflər ki, bu ustad aşığın yaradıcılığı vaxtında toplanıb yazıya alınmadığından itib-batmışdır. Bu el sənətkarından dövrümüzə bir yadigar hava (“Ağbaba gülü”) qalıb. Bu hava haqqında bir rəvayət bu günlərə qədər laçınlılar arasında dolaşmaqdadır. Rəvayətə görə, bu saz havası Ağbaba dağının ətəyində yaradılmışdır.
Aşıq Ələmşahın ustadı isə Aşıq Həşimdir. Bu sənətkar da zəngin yaradıcılığa malik olsa da, onun ədəbi irsindən heç nə qalmamışdır.
AMEA Folklor İnstitutunun buraxdığı “Qarabağ musiqi folkloru” (xalq mahnıları, təsnif və rəqslər) diskində Adil Cəfakeş və onun şəyirdi Təşəkkül Əmrəliyevin ifalarında iki qədim saz havası (“Ağbaba gülü”, “Zəngəzur gözəlləməsi”) yazıya alınmışdır.
Adil Cəfakeş hazırda Laçın rayon Şəlvə kənd uşaq musiqi məktəbində sazdan dərs deyir.
Qeyd edim ki, Adil Cəfakeşin Təşəkkül Əmrəliyev, Rəfael Alməmmədov, Nasir Alxasov, Ağa Quliyev kimi istedadlı şəyirdlər yeririb.
Adil Cəgakeş ”Bir ağı de, ay ana”, “Yolçu, hara gedirsən”,”Ağam Alıdı”, ”Azmışam öz içimdə”şeirlər kitabının müəllifidir.
Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış aşıq-şair Adil Cəfakeş üzləşdiyi çətinliklərlə bağlı aidiyyəti qurumlardan kömək istəyir: “Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Daş karxanası” sahəsində fəhlələr üçün tikilmiş bir daxmada məskunlaşmışam. Ailəm 7 nəfərdən ibarətdir. Təəssüflət olsun ki, Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədov bizi incidir. Koronavirusun hökm sürdütü bu ağır - çətin şəraitdə deyir ki, siz qanunsuz bu evə girmisiniz. Əgər evdən çıxmasanız, daxmanı uçuracağam. Səbail Rayon İcra Hakimiyyətinin başçısının bundan xəbəri yoxdur. Başçıya məlumat verməliyik. Sədrə dedim ki, narahat olmayın, sabah özüm gedib başçıya deyərəm.
Səbail RİH-in başçısı Vüqar Zeynalovun qəbuluna gedib dərdimi ona dedim. Başçı da mənə dedi ki, dövlət səni evlə təmin edənə qədər get orda qal. Mən Bələdiyə sədrinə tapşıracağam ki, sizə köməklik göstərsin, qalmağınıza şərait yaratsın. Səhərisi günü Bələdiyyənin sədri Təzəxan müəllim məni otağına çağırtdırıb dedi ki, sən ordan çıxmalısan. Mən də cavab verdim ki, axı siz özünüz məni başçının yanına göndərdiniz. Mən də gedib dərdimi ona dedim. Başçı da dedi ki, heç kəs sizə toxuna bilməz, gedin qalın. Bələdiyyə sədrinə də tapşıracam sizə köməklik göstərsin. Təzəxan dedi ki, başçı səhv başa düşüb, sən ordan çıxmalısan. Badamdar Bələdiyyəsinin sədri qaldığım daxmanın həyətinə, girəcəyinə, divarların dibinə, hətta qapımızın ağzına kimi gətizdirib zibil tokdürərək, evə giriş-çıxış yolumuzu bağlatdırıb. Təzəxan müəllimin tökdürdüyü zibildən 3 nəfər azyaşlı uşaq artıq infeksiyaya tutulub. Gəlib evləri dezinfeksiya etmək əvəzinə, zibil tökürlər. Sığındığımız, üstümə zibil tökülən komada yaşaya bilmirik. Dövlət qurumlarından xahiş edirəm, bu işdə mənə yardım etsinlər. Ailəm çox ağır durumdadır”.
Bizə elə gəlir ki, məqalənin çapından sonra aidiyyəti qurumlar, Səbail RİH başçısı Vüqar Zeynalov və eləcə də “Dövlətqaçqınkom”un sədri Adil müəllimin üzləşdiyi çətinliklərlə maraqlanacaq və öz köməkliklərini əsirgəməyəcəklər.
Zaur Ustac,
şair-publisist.