Fransanın Baş naziri Sebastyan Lekornyu qadağan olunmuş maddələrin mümkün istifadəsini aşkar etmək məqsədilə müxtəlif nazirliklərin əməkdaşları arasında narkotik testlərinin aparılmasını tapşırıb.
Hafta.az BFMTV telekanalına istinadən xəbər verir ki, o, müvafiq sirkulyarı hökumətdəki bütün nazirlərə göndərib. Baş komissarlar, ali komissarlar, diplomatik missiyaların rəhbərləri, prefektlər və digərləri də bu nəzarət tədbirlərinin təsir dairəsinə düşürlər.
"Dövlət qulluqçuları tərəfindən narkotiklərin istifadə edilməsi onların öz təhlükəsizliyinə təhdid və xidmətin işinə təsir göstərməklə yanaşı, təzyiq qrupları, cinayətkar şəbəkələr və ya manipulyasiya məqsədləri üçün istifadə oluna biləcək şəxsi zəiflik yaradır", - sirkulyarda qeyd edilib.
Testin nəticəsi müsbət olduğu halda müvafiq tədbirlər, o cümlədən intizam tənbehləri görüləcək.