Son günlər ölkədə şaxtalı və qarlı hava şəraiti hökm sürür. Təbii ki, havaların həddən artıq soyuq keçməsi insan sağlamlığı ilə yanaşı, şəxsi avtomobillərə də zərər vurur. Vətəndaşların çoxunun avtomobil qarajı olmadığından maşınını küçədə saxlayır. Nəticədə şaxtalı havada qalan avtomobillərdə bir sıra problem ortaya çıxır. Mütəxəssislər bildirirlər ki, adətən soyuq havalarda avtomobilə dəyən zərəri mühərriki işə salarkən hiss etmək mümkündür.
Bu halda hansı addımlar atılmalıdır? Ümumiyyətlə, qış aylarında, adətən, avtomobillərin hansı hissələrində nasazlıq ortaya çıxır?
Avtomobil ustası Nicat Əliyev deyir ki, qış aylarında mühərrik və elektrik kabellərinə nizamlı olaraq nəzarət edilməlidir: “Soyuq havalarda yanacaq daha tez bitir. Yəni avtomobillər soyuq havada daha çox yanacaq sərf edir. Bunun səbəbi isə soyuq mühərrik yağının axıcılığını itirməsi və mühərrik içi müqavimətləri artırmasıdır. Buna görə də qış aylarında mühərrik və elektrik kabellərinə nizamlı olaraq baxmaq lazımdır. Qış aylarında qısa məsafələrdə avtomobillərdən istifadə edilməməsi məsləhətdir. Soyuq havalarda mühərrikin hərəkətli parçalarında olan aşınmalar yüksək səviyyədə olur ki, bu da akkumlyatora zərər verir. Əgər qısa məsafələri avtomobillə getmək istəyirsinizsə, bu məsafədə avtomobilin istilik sistemindən, kreslo qızdırıcılardan istifadə olunmalıdır. Bəzi sürücülər elə başa düşür ki, radiator heç bir zaman donmur, amma bu, səhv fikirdir. Radiatorda antifriz miqdarı kafi deyilsə, radiatorla yanaşı mühərrik də dona bilər. Donmuş bir mühərrikin içindəki bütün mayelər təkrar əriyənə qədər işlədilməməlidir. Əks təqdirdə, avtmobili işə saldığınız zaman mühərrik zərər görəcək. Radiator sistemindəki soyutma mayesinin donma nöqtəsini - 25 dərəcədə tutulması vacibdir. Şaxtalı havalarda soyuğun və nəmin təsirindən maşının qapıları və kilit sistemi də dona bilər. Buna görə də buzəridici vasitələri heç bir zaman avtomobilə qoymayın, şaxtalı havalarda belə vasitələr yanınızda olmalıdır. Buz, şaxta avtomobilin təkərlərinə də zərər verir. Qara qarışmış palçıq təkərlərin boşluqlarına dolur və şaxtanın təsirindən donur. Bu, uzun müddət davam edərsə, təkərlərdə əməlli buzlaşma meydana gələr. Qış aylarında təkərlər tez-tez təmizlənməlidir”.
Onun sözlərinə görə, şaxta və yollara tökülən duz avtomobilin rənginə də öz təsirini göstərir: “Avtomobilin rəngi aşınma və yenidən cilalanmaya ehtiyac duyulur. Palçıq və yola səpilən duz mühərrikə zərər verdiyi üçün avtomobil tez-tez yuyulub təmizlənməlidir. Nizamlı yuma duz və palçığı təmizlədiyi kimi, həm avtomobilin rəngini, həm də texniki vəziyyətini qorumuş olur. Eyni zamanda, qarlı, buzlu yollarda avtomobillər yavaş sürətlə idarə edilməli, əyləc sistemindən az istifadə olunmalı, manevrlər edilməməli, sürət həddi aşılmamalıdır. Əks halda, qəzalar və ya avtomobilin sıradan çıxması qaçılmaz olacaq”.
Usta vurğulayır ki, soyuq havada avtomobil işə salınmadan öncə mütləq qızdırılmalıdır: “Buna, təxminən, 15-20 dəqiqə vaxt ayırmaq lazımdır. Bu zaman avtomobildə olan kondensatorlar çıxır. Qızdırılmadıqda isə mühərrikin yağını israf edə bilər. Qızdırılmamış maşına qaz verib çıxmaq olmaz. Bundan başqa, avtomobil sahibi təkərlərə də diqqət yetirməlidir. Avtomobil yağıntılı havada sürüşməsin deyə onun təkərləri mövsümə uyğun olmalıdır. Bu səbəbdən də qarlı havada sürücülərə qış təkərlərindən istifadə etmək tövsiyə olunur”.