Bu gün - iyulun 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığıyla “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib.
Hafta.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı son onillliklərdə dövlət başçısının imzaladığı fərman və sərəncamlardan, görülən işlərdən bəhs edib. Professor yarandığı dövrdən keçən 3 il ərzində rəhbəri olduğu qurumun bu istiqamətdə bir sıra tədbirlər həyata keçirdiyini vurğulayıb. O, diqqətə çatdırıb ki, 2020-ci ilin noyabrından bəri 60-dan artıq saytın dili ilə bağlı aparılan monitorinqin nəticələrinin əks olunduğu hesabatda ədəbi dilin müxtəlif normaları üzrə 5 mindən artıq dil faktı pozuntusu aşkarlanıb. Mərkəz direktoru belə tədbirlərin dilimizin qorunması və inkişafı yolunda müsbət nəticələr verəcəyinə, o cümlədən monitorinqə cəlb edilmiş sayt kollektivlərinin hesabatda qeyd edilən nöqsanların aradan qaldırılması üçün gərəkli tədbirlər görəcəyinə ümidvar olduğunu bildirib.
Bundan sonra Monitorinq Mərkəzinin analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədovun monitorinqlərin nəticələrinə həsr olunmuş “Saytların dil mənzərəsi” mövzusunda hesabat məruzəsi dinlənilib. Şöbə müdiri monitorinqin aparılması prinsipləri haqqında məlumat verib. Saytlarda rast gəlinən norma pozuntuları, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, tanınmış ədəbiyyatşünas, dilçi alim, professor Qəzənfər Kazımov və digərləri sözügedən hesabatın nəticələrinə əsasən saytlarda ədəbi dil normalarının pozulma faktlarına münasibət bildirib, internet resurslarında ana dilinin tətbiqi ilə bağlı yaranan problemlərin obyektiv və subyektiv səbəblərindən danışıb, həmin problemlərin aradan qaldırılması yolları barədə rəy və təkliflərini veriblər.
Daha sonra ayrı-ayrı saytların baş redaktor, redaktor müavini və əməkdaşlarının da iştirakıyla hesabatda qeyd olunan və olunmayan bir sıra ədəbi dil məsələləri ilə bağlı səmərəli müzakirələr aparılıb.
Tədbirin sonunda qonaqlar üçün çay süfrəsi təşkil edilib.