Seçki məntəqələrinə saat 12-də gələn vətəndaşları 5 ilədək həbs cəzası gözləyir

19:31 15.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Moskva prokurorluğu internet resurslarında martın 17-də saat 12:00-da “seçki qanunvericiliyini pozmaq məqsədi ilə... razılaşdırılmamış kütləvi ictimai tədbirlərdə iştirak etmək üçün” şəhər seçki məntəqələrinə gəlməkdən ötrü edilən çağırışlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Hafta.az xəbər verir ki, bu haqda Rusiyanın “Meduza” nəşri məlumat yayıb.

“Nəzərinizə çatdıraq ki, nə qeyd olunan kütləvi tədbirlərin özləri, nə də qanunvericiliklə müəyyən edilmiş qaydada keçirildiyi yerlər şəhər icra hakimiyyətləri tərəfindən razılaşdırılmayıb və buna görə də bu kütləvi tədbirlərin təşkili və iştirakına görə Rusiya Federasiyasında qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza nəzərdə tutulur”- xəbərdarlıqda belə deyilir.

Prokurorluğun bildirdiyinə görə, “qanunsuz hərəkətlər vətəndaşların öz seçki hüquqlarını sərbəst həyata keçirməsinə və seçki komissiyalarının işinə mane ola bilər” ki, buna görə Cinayət Məcəlləsinin 141-ci maddəsi (maksimal cəza - beş ilədək müddətə azadlıqdan məhrum etmə) ilə məsuliyyət nəzərdə tutulur.

Xatırladılır ki, siyasətçi Aleksey Navalnı koloniyada ölümündən bir müddət əvvəl Rusiyanı təqiblərə görə tərk etmiş Sankt-Peterburq qanunvericilik məclisinin keçmiş deputatı Maksim Reznikin təklif etdiyi “Putin əleyhinə günorta” aksiyasını dəstəkləyib. Navalnının ölümündən sonra onun yoldaşları siyasətçinin son istəklərini yerinə yetirməyə çağırıblar. Müxalifətçilər Vladimir Putinin bütün rəqiblərini eyni vaxtda - martın 17-də saat 12:00-da seçki məntəqələrinə gəlməyə dəvət ediblər. Aksiyanı Mixail Xodorkovski, Dmitri Qudkov, Yuliya Qalyamina və digər ictimai-siyasi xadimlər dəstəkləyib.