Ukraynada yeni səfərbərliklə 500 min adamın orduya götürülməsinin planlaşdırıldığı və bu çərçivədə xaricdə yaşayan ukraynalıların ölkələrinə geri göndəriləcəyi iddiaları xaricdə yaşayan ukraynalıları narahat edib.
Hafta.az-ın yazdığına götrə, Avropanın bir çox şəhərlərində Ukrayna səfirlikləri qarşısında uzun növbələr yaranıb. Minlərlə ukraynalı yeni səfərbərlik qanunu qüvvəyə minməzdən əvvəl şəxsi sənədlərinin yenilənməsi üçün müraciət etmək üçün konsulluqların qarşısına toplaşır. Bildirilir ki, Ukrayna vətəndaşları onları təhdid edən sanksiyalar tətbiq olunmamışdan əvvəl konsulluq xidməti almağa cəhd ediblər.
Xüsusən də yeni səfərbərlik dalğasından xilas olmaq üçün ukraynalılar pasportlarını təzələyir, Avropa ölkələrini tərk etməyə hazırlaşırlar.
Yeni qanun layihəsinə əsasən, hərbi xidmət üçün qeydiyyatda olmayan ukraynalıların xaricdə bank əməliyyatları məhdudlaşdırılacaq və onlara pasport verilməyəcək.
Dekabrın 25-də Ukrayna Ali Radasına səfərbərliyin və hərbi qeydiyyatın təkmilləşdirilməsi haqqında qanun layihəsi təqdim edilib. Müvafiq olaraq, üçüncü qrup əlillər artıq hərbi xidmətə buraxılmayacaqlar.