"Bayılda 18 kvadratmetrlik evdə yaşayırıq. Dövlət bizə Xocahəsən yeni yaşayış massivində ev verib. Lakin ora bizə uyğun deyil".
Bu fikirləri hafta.az-a Vətən müharibəsi Şəhidi Məmmədli Cəmil Habil oğlunun anası Aygün Məmmədli deyib.
Onun sözlərinə görə, Bayıl qəsəbəsində məktəbdə işləyir, yoldaşı isə oğlu şəhid olduqdan sonra sağlamlığını itirib, işləyə bilmir:
"O evə necə gedə bilərik? Ev orada qalıb, heç kimin yadına düşmür. Bir dəfə Xocahəsəndəki evin Bayılda jurnalistlər üçün tikilən və sonradan Şəhid ailələrinə verilən mənzillərdən biri ilə dəyişdirilməsi üçün Səbail rayonunun deputatına müraciət etdim. Lakin heç bir kömək edilmədi, tədbir görülmədi. Deputat istəsəydi, bu məsələdə mənə köməklik edə bilərdi. Bayılda işləyirik, Xocahəsənə gedib-gəlmək çətindir. Həmin mənzilin kupçası da verilmir. Deyirlər, 5 ildən sonra veriləcək. Kupçası olsaydı, bəlkə də oranı satıb, gəlib bu tərəflərdə ipoteka ilə ev götürmək olardı".