Sentyabrın 1-i yaxınlaşır, rusları dərd götürüb

10:05 28.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 1-i yaxınlaşdıqca “çiçək böhranı” yenidən Rusiya mətbuatının və ictimaiyyətinin gündəminə gəlib. Əksəriyyət “Müəllimlərə buket vermək ənənəsi mənasız vərdişə çevrilib” deyir.

Hafta.az-ın “Novaya İzvestiya” qəzetinə istinadən yazdığına görə, “Bu ənənə nə şagirdlərə, nə də müəllimlərə lazımlı olmasa da, valideynlər bu ritualı davam etdirməkdə israrlıdırlar”.

Ənənəvi çiçək vermə vərdişi xüsusilə 1 sentyabrdan əvvəl gülün qiymətinin sürətlə artmasına səbəb olur. Bu il artıq güllərin qiyməti keçən illə müqayisədə orta hesabla 25 faiz artıb. Rusiyada bir buket orta hesabla 1800 rubla (35 manat) başa gəldiyi halda, Moskvada bu qiymət 2300 rubla (45 manat) çatır.

Bəzi ekspertlər bildirirlər ki, bu ənənə indi valideynlər üçün yükə çevrilib və müəllimlər bu gülləri hara qoyacaqlarını bilmirlər. Bundan əlavə, bəzi valideynlər və pedaqoqlar bu gül bağışlama mərasiminin mənasını şübhə altına alarkən, bu ənənənin maddi imkanları məhdud ailələr üçün xüsusilə çətin olduğunu vurğulayırlar.

Bəzi valideynlər çiçək vermək əvəzinə daha mənalı bir iş üçün pul yığmaq fikrinə can atırlar. Bu kontekstdə “Çiçək əvəzinə uşaqlar” kimi kampaniyalar toplanan pulların ağır xəstə uşaqlara ianə edilməsini təşviq edir. Beləliklə, həm uşaqlar, həm də ailələr üçün daha faydalı istifadə təmin olunur.

Xülasə, ilk dərs günündə gül vermək ənənəsi illərdir bir çox insan tərəfindən sorğulanır və daha mənalı alternativlərin qəbul edilməsinin lazım olduğu deyilsə də, 1 sentyabr gələndə əksəriyyət yenidən bir buketlə məktəbə gedir.