Marşrutların ərazi üzrə hərəkət cədvəlinin idarə edilməsini və nəzarət üçün dispetçeri daşıyıcılar təyin edir
Bakıda son illərdə ictimai nəqliyyat sahəsində ciddi islahatların aparılması danılmazdır və müəyyən nəticələr də əldə olunub. Yeni avtobusların alınması, marşrut şəbəkəsinin yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi kimi addımlar bu sahədə müsbət dinamiklik yaradıb. Bütün bu dəyişikliklərə baxmayaraq, sərnişin narazılığı hələ də gündəmdədir. Bəs sərnişin narazılığının əsas səbəbləri hansılardır?
Əsasən, səhər və axşam pik saatlarında avtobuslarda sıxlıq ən çox şikayət edilən məsələlərdəndir. Yəni pik saatlarda əlavə reyslər təşkil edilməli olduğu halda, əksinə azaldılır. Bu da avtobuslarda tutumundan çox yüklənməyə gətirib çıxarır ki, nəticədə texniki problem yaranır.
Bəzi marşrutlarda intervalın uzun olması sərnişinləri daha da narahat edir, hətta sürücü-sərnişin arasında söz davasınadək çatır. Eyni zamanda, şəhərin bəzi ərazilərində birbaşa marşrutların olmaması və ya azlığı sərnişinləri bir neçə dəfə nəqliyyat dəyişməyə məcbur edir. Bu isə vətəndaşın haqlı olaraq gediş haqqı ilə bağlı şikayətini təzələyir.
Bununla yanaşı, sürücü davranışı, dayanacaqlarda qaydalara əməl olunmaması və bəzən sərnişinlərlə münasibətdə problemlər də narazılıq yaradan amillərdəndir.
Digər narahatlıq doğuran isə dispetçer məsələsidir. Təbii ki, hazırda “BakuBus”larda bu xidmətə ehtiyac olmadığı üçün dispetçer yoxdur. Amma özəl şirkətlərə məxsus avtobus marşrutlar üçün son dayanacaqlarda və mərkəzi, yəni yolun “tən yarısı” adlanan hissədə dispetçerlər durur. Onların uniformaları da yoxdur. Elə sərnişinlərin dili ilə desək, “yol kəsənlərə”, “xərac alanlara” oxşayırlar. Dispetçer bildiyimiz şəxslər sərnişinləri avtobuslara yönləndirmək missiyasını yerinə yetirmirlər. Plan doldurmaq məqsədilə avtobusu yükləyir, istədikləri qədər intervalı çək-çevir edirlər.
Bütün bu məsələlərlə bağlı Hafta.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyir ki, ümumiyyətlə, dispetçerlər üçün vahid geyim forması rəsmi olaraq müəyyən edilməyib.

Belə ki, bununla bağlı daşıyıcılar tərəfindən müəyyən tələblər qoyula bilər. O, qeyd edir ki, hər bir halda dispetçerlərin geyimi səliqəli olmalıdır.
“Əslində, dispetçer hərəkət qrafikinin idarə olunmasını həyata keçirir. Avtobusların çıxış və dönüş saatlarını nəzarətdə saxlayır, gecikmə və ya vaxtından əvvəl çıxışların qarşısını alır, marşrut üzrə nizam-intizamı təmin edir”, – T.Orucov bildirib.
Birbaşa küçədə işləyən dispetçerlərə gəlincə, onlarda uniforma olmasa da, ən azından, səliqəli geyim, vəzifələrinə düzgün əməl etmək vacib sayılır:
“Marşrutların ərazi üzrə hərəkət cədvəlinin idarə edilməsi və nəzarət üçün dispetçeri daşıyıcılar təyin edir. Bəzi daşıyıcılar tərəfindən hərəkət cədvəlinə nəzarət və onun idarə olunması prosesi özləri tərəfindən onlayn şəkildə həyata keçirilir. Digər tərəfdən, avtobusların gecikməsinin bir neçə səbəbi ola bilər. Əksər hallarda buna yollarda nəqliyyatın sıxlığı səbəb olur. Həmçinin bəzən şəxsi nəqliyyat vasitələri tərəfindən dayanacaq ərazisinin zəbt edilməsi, kəsişmələrdə avtobuslara yol verilməməsi halları da müşahidə olunur”.
AYNA sözçüsü sürücülərin tibbi baxışdan keçirilməsi məsələsinə də diqqət çəkib. Bildirib ki, sürücülər xəttə çıxmazdan əvvəl reysqabağı tibbi müayinədən keçirlər.
“Bu proses qarajda və ya növbə dəyişkiliyi zamanı təşkil olunan məntəqələrdə həyata keçirilir. Həmçinin sürücülər işə götürülməzdən əvvəl daşıyıcının tələbi əsasında zəruri tibbi yoxlanışlardın keçirlər”, - deyə T.Orucov vurğulayıb.
Qeyd edək ki, ən çox sərnişin narazılığı olan avtobuslar sırasında öndə 173, 29 və 56 nömrəli avtobuslar durur.
T.Orucov deyir ki, 173, 29 və 56 nömrəli marşrutlar üzrə müvafiq olaraq 11, 12 və 5 avtobus fəaliyyət göstərir. Onun sözlərinə görə, daşıyıcılara avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi və xəttə əlavə avtobusların cəlb edilməsi tapşırılıb. Bu tapşırıqlara nə qədər riayət olunması isə yenə də sərnişin narazılığında özünü göstərir.