Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Feysəl əl-İbrahim ölkəsinin Afrika, Asiya və dünyanın digər hissələrinin ən zəif inkişaf etmiş ölkələrinin inkişaf layihələrini maliyyələşdirmək üçün İnkişaf Fondu vasitəsilə 800 milyon dollar kredit ayırdığını açıqlayıb.
Hafta.az-ın Mepa News-a istinadən yazdığına görə, nazir əl-İbrahim konfrans zamanı verdiyi açıqlamada, son əlli ildə əldə edilmiş inkişaf və sosial tərəqqiyə baxmayaraq, ən az inkişaf etmiş ölkələrin artıq fundamental problemlərlə üzləşdiyini və vəziyyətin daha da mürəkkəbləşdiyini bildirib. O bildirib ki, kasıblığın artması ilə bu ölkələr davamlı inkişafa nail olmaq üçün düzgün yoldan çıxırlar.
Davamlı inkişaf gündəliyi ilə ətraf mühitin mühafizəsi istiqamətində irəliləyişi təşviq edən və töhfə verən bir çox təşəbbüs və layihələrin olduğunu deyən İbrahim, Səudiyyə Ərəbistanının 2030 hədəfi ilə iqtisadi və sosial rifah istiqamətində irəliləyiş əldə etdiyini söyləyib. O, "az inkişaf etmiş ölkələri dəstəkləmək üçün çox çalışmaq və onlara uğur qazanmağa kömək göstərmək, onları tərəqqi və inkişafa sövq etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə işləmək lazımdır. Ölkəmiz son üç onillikdə 167 ölkəyə toplam 96 milyard dollardan çox humanitar və inkişaf yardımı göstərib” deyib.
Səudiyyə İnkişaf Fondunun inkişaf fəaliyyətinin böyük hissəsini Afrika və Asiya qitələrindəki ölkələrə yönəltdiyini vurğulayaraq, yüksək əhali artımı, işsizlik və aşağı gəlir səviyyəsi ilə yanaşı, 1975-ci ildən 2022-ci ilədək 35 ölkənin yararlandığı 6,26 milyard dollar dəyərində 308 inkişaf layihəsi və proqramının maliyyələşdirilməsi üçün ən zəif inkişaf etmiş ölkələrə 330 kredit ayırdığını vurğulayıb.
Nazir İbrahim, Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzinin (KSRelief) əksəriyyəti ən az inkişaf etmiş ölkələr olmaqla 90 ölkəyə müxtəlif sektorları əhatə edən 6,2 milyard dollarlıq humanitar yardım və dəstək paketləri ilə dəstək verdiyini söyləyib. Bundan əlavə, ərzaq təhlükəsizliyi, qidalanma, səhiyyə, təhsil, su təchizatı və ətraf mühitin təmizlənməsi sahələrində 2314 layihə həyata keçirildiyini bildirib.
Səudiyyə Ərəbistanının 2018-ci ildə qurulan Yəmənin İnkişaf və Yenidən Qurulması Proqramının inkişaf planları və ehtiyaclarına xidmət etmək üçün bu ölkəyə yeddi sektor üzrə 224 layihə ilə 917 milyon dollar iqtisadi və inkişaf dəstəyi verildiyini əlavə edib.