5 il əvvəl Səudiyyə Ərəbistanında qadınlara sürücülük hüququnun verilməsi ölkədə avtomobil sənayesinə fayda verib. Ekspertlər qərardan sonra ölkədə avtomobil satışlarının nəzərəçarpacaq dərəcədə artdığını bildiriblər.
Hafta.az-ın yazdığına görə, ötən il Səudiyyə Ərəbistanında satılan 730 min avtomobilin 30 faizini qadınlar alıb.
2018-ci ildə Səudiyyə Ərəbistanı hökuməti ölkə tarixində ilk dəfə qadınların maşın sürməsinə icazə verib. Qərar qadınların ictimai sahədə daha fəal olması üçün edilən bir sıra tənzimləmələr çərçivəsində qəbul edilib.
Qərar verildiyi zaman ölkədə avtomobil satışının 2025-ci ilə qədər illik 577 minə çatacağı düşünülürdü. Ancaq pandemiyanın bitməsindən sonra artan satışlar gözləntiləri aşdı.
Avtomobil mütəxəssisi Əbdülsəlam əl-Cəbr, bütün ölkədə avtomobil satışlarının 2024-cü ildə təxminən 870 minə yüksəlməsinin gözləndiyini söyləyib. Cəbr həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı önümüzdəki dövrdə ildə 500 min avtomobil istehsal gücünə malik 4 zavodla qlobal avtomobil sənayesində iz qoya bilər.
Cəbr, "Avtomobil sektoruna qoyulan investisiya səviyyəsi çox yüksəkdir. Bu investisiyalar arasında istehsal, satış, ehtiyat hissələri, texniki xidmət mərkəzləri, yuyucu maşınlar və yanacaqdoldurma məntəqələri var. Hazırda Səudiyyə Ərəbistanının izdihamlı şəhərlərində tələbat artmaqdadır. Bu, qadınların avtomobil idarə etməsinə icazə verilməsi ilə əlaqədardır" deyib.