İranın məzhəb müstəvisində vətəndaş müharibəsi meydanına çevirdiyi Yəməndə hokm sürən çətin iqtisadi şəraitin yaxşılaşdırılmasına kömək etmək üçün Səudiyyə Ərəbistanı yerli hökumətə və Mərkəzi Banka dəstək məqsədilə 1 milyard dollardan çox vəsait ayırıb.
Hafta.az-ın “Sarkul Avsat”a istinadən yazdığına görə, yəmənli mənbə, 1 milyard dolları aşan dəstəyin 200 milyon dollarının dünən Yəmən Mərkəzi Bankının hesabına yatırıldığını, daha sonra isə digər ödənişlərin ediləcəyini bildirib.
Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd əl-Cabirin Ər-Riyaddakı Səudiyyə Ərəbistanı Yəmən İnkişaf və Yenidənqurma Proqramının qərargahında Yəmənin maliyyə naziri və Mərkəzi Bankının rəhbəri ilə yeni iqtisadi dəstək sazişini imzalaması gözlənilir.
Fevral ayında Ər-Riyad administrasiyası Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişlərinə uyğun olaraq Yəmən Mərkəzi Bankında açılan depozit hesabına bir milyard dollar yatırıb.
2018-ci ildə Səudiyyə Ərəbistanı Yəmən iqtisadiyyatını dəstəkləmək və yəmənlilərə ərzaq məhsulları çatdırmaq üçün bank kreditləri vermək üçün Yəmən Mərkəzi Bankına 2,2 milyard dollar dəstək verib.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının hökumətə və Mərkəzi Banka verdiyi dəstək, qarşıdakı dövrdə maaş ödənişləri ilə yanaşı, dəyər itirən Yəmən valyutasını sabitləşdirmək və idxalı dəstəkləmək məqsədi daşıyır.
Dünən dövlət hesabına yatırılan 200 milyon dollara əlavə olaraq üç aydan bir yeni ödəniş olacağını bildirən mənbə, bu ödənişlərin mərhələnin xarakterindən və şərtlərindən asılı olaraq müxtəlif məbləğlərdə ola biləcəyini vurğulayıb.
Digər mənbələr Yəmənin Prezident Şurasının sədri Rəşad əl-Aliminin yaxın günlərdə Yəmənə dönəcəyini bildirib.
Səudiyyə Ərəbistanının Yəmənin İnkişaf və Yenidən Qurulması Proqramı yarandığı gündən inkişaf layihələri və təşəbbüsləri ilə xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına və davamlı inkişafın yaradılmasına töhfə verir. 2018-ci ildən bu proqram Yəmənin 14 əyalətində 14,6 milyon insanın faydalandığı 224 inkişaf layihəsi və təşəbbüsü təqdim edib. İnkişaf proqramlarına əlavə olaraq təhsil, səhiyyə, su, enerji, nəqliyyat, kənd təsərrüfatı və balıqçılıq, dövlət qurumlarının potensialının artırılması da daxildir.