İranın bir prezidenti vardı – Mahmud Əhmədinejad. Səhv etmirəmsə, 2005-2023-cü illər arasında iki dönəm prezident olub. Bu adam özündən əvvəlki və sonrakı həmkarlarından sözünü açıq deyən, sərt və qıcıqlandırıcı bəyanatlarla çıxış edən biri kimi fərqlənib. 66 yaşlı Əhmədinejad bölgəmizdə və dünyada cərəyan edən hadisələrlə bağlı “İndependent”ə çox geniş müsahibə verib. Oxucularımıza maraqlı olar deyə, həmin müsahibəni qısaldılmış formada tərcüməsini təqdim edirik.
Maraqlıdır ki, Əhmədinejad İranın, Rusiyanın Ukrayna torpaqlarına hücumu məsələsində mövqeyinin necə olmasına dair suala cavab vermək istəməyib, ya da necə deyərlər, birtəhər ötüşdürüb…
- Bu sualı İranın rəsmi hakimiyyətinə verin, dövlətin mövqeyi haqda onlar cavab verə bilərlər. Mənim şəxsi mövqeyim bəllidir – həmişə xalqın yanında olmağa çalışıram. Ovtaritar qüvvələrin yanında olmamalıyıq. Bu zaman pusquda dayanan qüvvələrin tələsinə düşərik.
- Yeri gəlmişkən, hazırda İran - Rusiya əlaqələri necədir? Sizcə, Rusiya İranın inana biləcəyi ortaqdır?
- Bunun üçün keçmişdəki gerçəklərə və bu gün yaşadığımız reallığa baxmalıyıq. Keçmişə baxsaq, Rusiyanın İran tərəfindən dəstəklənmədiyini deməsi mümkün deyil. Amma bu gün bəzi bəhanələri var. Yəni müharibə vəziyyətində olduğu halda, arxada özü ABŞ-la əl-ələ versə də, İran tərəfindən hərbi cəhətdən dəstəklənmədiyini deyə bilər.
- Deyirsiniz ki, ABŞ və Rusiya gizlincə Ukraynaya qarşı da şər ittifaqında birləşiblər. Sizcə, buna nə ehtiyac var?
- ABŞ, Rusiya və Çin dünyanın yeni xəritəsini cızmaq istəyir. Rusiyanın Ukraynaya hücumu çərçivəsində Çin Tayvana, ABŞ isə İrana hücum eləmək fikrindədir. Bütün bunlar dünya xəritəsinin dəyişmək üzrə olduğunu göstərir. Bu mənim şəxsi fikrimdir, amma nəticələri siz özünüz də görəcəksiniz. Artıq planın ilk hissəsi icraya keçib, çalışmalıyıq onu dayandıraq. Çünki proseslər çox sayda günahsız insanın həyatına son qoyacaq.
- Doğrudan da, Çin fürsətdən yararlanıb Tayvana hücum eləsə, nə baş verəcək?
- İnanıram ki, bunların heç biri olmayacaq. Ukraynadakı müharibə tezliklə başa çatar və Rusiya ordusu öz bazalarına dönər, Ukrayna xalqı da qanuni haqlarını geri qaytarar. Amma Rusiya əvvəl-axır nəzarəti ələ alacaq kimi görünür. Yəni Baydenin davranışlarına baxsaq, Rusiyanın bu müharibəyə başlamasına və istədiyi silahdan istifadə etməsinə icazə verilib.
- İran bir neçə gün öncə Oman körfəzində Rusiya və Çinlə birlikdə müştərək hərbi təlim keçirdi. Prosesə siyasi qiymət versək, Rusiya ilə Çinin həqiqi müttəfiq olduğunu deyə bilərik?
- Bilirsiniz, mən əminəm ki, hər bir regionun təhlükəsizliyini yalnız orada yaşayan xalqlar özləri təmin edə bilər. Bölgə hökumətləri yad qüvvələri regional məsələlərə qarışdırmamalıdır.
- Mövzu dəyişmiş kimi görünsə də, İranın nüvə enerjisindən istifadə proqramına Bayden hökumətinin münasibətini necə dəyərləndirirsiniz? Sizcə, Baden iqtidarının Tramp hakimiyyətindən fərqi nədədir?
- ABŞ hökumətinin qlobal siyasəti İranı dəstəkləmir. Fərqi yoxdur, Respublikaçılardır, yoxsa Demokratlar, prezidentlər həmin siyasəti yürüdürlər. İkinci Dünya Müharibəsindən sonra qalib çıxmış beş ölkə hesab edir ki, onlardan başqa heç bir dövlət nüvə silahına sahib ola, güclü ola bilməz. Hətta bu istəklərini reallaşdırmaq üçün öz aralarında razılığa da gəliblər. İndi İranın nüvə enerjisindən istifadə proqramına qarşı çıxırlar. Eynilə Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və İraqın da güclənməsinə qarşıdırlar. Hesab edirlər ki, uranı zənginləşdirərsə, İranın hərbi gücü artacaq – bu onların dəyişməz siyasətidir. Yəni Co Baydenın, Donald Trampın və ya Barak Obamanın siyasəti arasında heç bir fərq yoxdur. Amma masada istifadə etdikləri siyasət fərqlidir. Bir dəfə Beynəlxalq Münasibətlər Şurası ilə Nyu Yorkda birgə toplantı keçirirdik. ABŞ-ı 28 nəfərlik heyət təmsil edirdi. Təsəvvür edirsiniz, 90 dəqiqə ərzində verdikləri sualların hamısı İranın nüvə proqramı ilə bağlıydı. Sualları qurtarandan sonra aralarından, tam səmimi deyirəm, çox tərbiyəli, mədəni, yaşlı bir nəfər qalxıb mənə dedi ki, cənab Əhmədinejad, uranı zənginləşdirmək və sülhməramlı istifadə etmək sizin haqqınızdır. Amma bu gün siz bunu etsəniz, sabah eynisini Səudiyyə Ərəbistanı, hətta Misir də edəcək. O zaman bu prosesi necə dayandıracağıq? Mən də cavab verdim ki, əgər bu bizim haqqımızdırsa, deməli onların da haqqıdır. Əgər bu haqqı onlara verməyəcəksinizsə, o zaman heç kimin nüvə proqramı olmasın. Deməli, İran uranı sənaye üslubunda zənginləşdirməyə başlayanda, bu xəbəri ilk olaraq telefonla Səudiyyə Kralı Abdullaha söylədim. Dedim ki, böyük uğurlarımız var və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində iş görürük. İstehsal etdiyimiz bütün enerjini sizə göndəririk, siz də mütəxəssislərinizi və alimlərinizi bizə göndərin, təcrübəmizə şahid olsunlar, öyrənsinlər. Hesab edirəm ki, bütün ölkələrin sənaye və elmi baxımdan inkişaf etməsinə haqları çatır. Amma əlbəttə, atom bombası hazırlanmamalıdır, bu nə bizə, nə də ki, başqa azad cəmiyyətlərə lazımdır. Bomba vəhşətin rəmzidir. Amma o dönəmin şərtləri Səudiyyə Ərəbistanına bunu etməyə imkan vermədi.
- Ukraynadakı müharibə sizcə, İranla ABŞ arasında nüvə müstəvisində gedən danışıqlara mane ola bilər?
- Yaxın gələcəkdə belə bir şeyin olacağına inanmıram. Amma qlobal güclərin bölgəmizdəki dövlətlərlə bağlı uğursuz planının olduğunu düşünürəm. Səudiyyə Ərəbistanını dörd, Türkiyəni üç, İranı da altı parçaya bölmək istəyirlər. Onlar indiki dövlətləri parçalayıb kiçik və zəif ölkələr yaratmaq istəyirlər. Bu onların yol xəritəsidir. Bu təhlükəni dəf etməyin yeganə yolu isə bölgə ölkələrinin birlik olmasıdır.
- Bayden bir neçə ay öncə Demokratiya Zirvəsi keçirdi. Nə məna verirsiniz buna, ümumiyyətlə, müsəlman ölkələrində demokratiyanın vəziyyətini necə dəyərləndirirsiniz?
- Demokratiya insanlara xasdır. Amma onun kapitalizmlə bir araya gəlməsi, kapitalist sistemdə layiqincə tətbiq olunması mümkün görünmür. Bu yandan da, hazırda dünyada antikapitalizm oyanışı yaranmaqdadır. İndi Amerika kimi güclər narahat olurlar. Demokratiyaya görə yox, ölkələrə nəzarəti itirmək qorxusundan. Dünya xəritəsini dəyişdirərək ikiqütblü vəziyyətə qaytarmaq istəyirlər. BMT, yarandığı gündən indiyədək 3 milyarddan çox insan yoxsulluq səviyyəsindən aşağıda yaşadığı, çox sayda müharibələr, təhdid və silahlanma yarışı olduğu üçün dünyada vəziyyətin sabitləşmədiyini rəsmən sənədləşdirib. ABŞ son zamanlar Yaponiyanın Xirosima şəhərinə atılandan dəfələrlə dağıdıcı gücə sahib bombalar istehsal elədi, Rusiya qitələrarası hipersonik nüvə başlıqlı raketlərini sərgiləyir. Onlar bütün bu silahlarla güclənərək xalqlar üzərində hegemonluq eləmək istəyirlər. Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, İranın özündə olan imkanlara baxın. Bütün bu imkanlardan yararlanan amerikalılardır. Bu gün Bayden deyir ki, Ukrayna xalqını dəstəkləyir. Əslində isə, Rusiyanın Ukraynaya hücum etməsində özü günahkardır. Əgər ABŞ Rusiyaya sərt təpinsəydi, ruslar Ukraynaya hücum eləməyə cəsarət etməzdilər. Bayden heç vaxt Ukrayna və rus xalqlarının haqlarından söz açmır. Bu yandan da, Putin hakimiyyətdə qalma müddətini 2036-cı ilədək, yəni 14 il uzatdı. Bayden bir kəlmə də olsun bunun demokratiyaya zidd olması haqda fikir bildirməyib. Bunlar riyakarlıqdır və şər qüvvələrin əslində bir olduğunu göstərir…