“Səyyar Gənclər Xidməti” şimal bölgəsində

16:10 03.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İmkanlar Sənə Doğru!” devizi ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan “Səyyar Gənclər Xidməti” 25-31 iyul tarixlərində Qubanın Üçgün, Gəray, Nügədi, Rustov, Qusarın Hil və Xaçmazın Ağyazı-Buduq kəndlərində yüzlərlə gənci əhatə edib.

Azərbaycan Gənclər Fondundan hafta.az-ə bildirilib ki, “Səyyar Gənclər Xidməti”nin başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir. Bu kontekstdə sözügedən bölgələrdə gənclərin maraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən etdiyi tövsiyələrə riayət olunmaqla açıq hava şəraitində təlimlər keçirilib. Səfər çərçivəsində müxtəlif dövlət qurumları tərəfindən gənclərlə bağlı həyata keçirilən proqramlar üzrə təqdimatlar keçirilib, gənclərin həmin proqramlara cəlb olunması təmin edilib.

“Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir və növbəti 4 ay ərzində ölkənin 39 rayonunun 100-ə yaxın kəndini əhatə etməsi nəzərdə tutulur.

Oxunma sayı 520