“Sinovac” koronavirusa qarşı ən etibarlı aşıdır” – Çinin Baş konsulu

16:25 18.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda koronavirus əleyhinə aşılanma prosesinə start verilib. Səhiyyə naziri Oqtay Şıxəliyev və TƏBİB-in rəhbəri Ramin Bayramlı ilk aşı vurduranlar arasındadır. Amma bəziləri hələ də koronavirusa və onun qarşısını alacaq vaksinə qarşı tərəddüdlü mövqe sərgiləyir.

Hətta Çindən idxal edilmiş Sinovac vaksininin xəstəliyə qarşı effektliyini gözdən salan və yan təsirləri olmasına dair fikir səsləndirənlər də var. Özü də yalnız bizdə deyil, qardaş Türkiyədə, bu vaksini alan Braziliyada da eyni mənzərənin şahidiyik.  

Çinin İstanbuldakı Baş konsulu Cuy Vei qatıldığı tv proqramlardan birində məsələyə aydınlıq gətirib. Diplomat bildirib ki, kimlərin nə deməsinə baxmayaraq, Sinovac aşısının konkret olaraq Türkiyədə sınaqdan keçirildiyi dövrdə hər hansı ciddi yan təsir müşahidə edilməyib.

“Çin dövləti olaraq, beş fərqli texiki müstəvidə 11 aşı araşdırması aparmışıq. Bu tədqiqatlardan beşi artıq sonuncu – 3-cü fazadadır. Sinovac şirkətinin məhsulu isə daha əvvəl sınaqları başa vurulan və kütləvi tətbiqinə icazə verilən aşıdır. Digərlərinin də bütün sınaqları tamamlandıqdan sonra, yaxın dövrdə bazara çıxarılacağı gözlənilir. Şəxsən mənim bildiyim budur ki, Çində 3-cü faza sınaqlara təqdim edilmiş aşılardan heç birinin mənfi yan etkiləri yoxdur”, - deyib Baş konsul Cuy Vei.

Cuy Vei koronavirus pandemiyasının hakim olduğu ötən il ərzində inkişafı dayanan və ya ən yaxşı halda yavaşıyan qlobal iqtisadi əlqələrə, o cümlədən, bu əlaqələrin fonunda Çində görülən işlərə də toxunub. Bildirib ki, Çin artıq Çin iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub. “2021-ci il ərzində Çindəki mövcud yoxsulluq səviyyəsinin tamamilə aradan qaldırılmasını hədəf seçmişik. Çin iqtisadiyyatında beş ayaqlı yeni mərhələyə keçəcəyik. Daxili bazarı xaricə istiqamətləndirməni tamamlayaraq, iqtisadi-sosial müstəvidə inkişaf sürətini əldə edəcəyik. Nəzərdən qaçırmayın ki, Çin iqtisadiyyatı keçmişdəkindən daha güclüdür. Ticarət savaşında ABŞ hökuməti dünyanın bütün ölkələrinə təzyiq edib, çinlə əlaqələrin zəiflədilməsinə nail olmaq istədi” deyən Baş konsul qeyd edib ki, bu gün qlobal miqyasda daha bir yalan xəbər yayaraq, Çində dünyada ilk dəfə bazara çıxarılmış koronavirus əleyhinə Sinovac aşısını qaralamağa çalışırlar. Burada məqsəd isə birmənalı şəkildə Çinlə ticarəti zədələməkdir. Deyirlər guya Türkiyə, Braziliya, İndoneziya, Azərbaycan və sair çox sayda ölkəyə satılan Sinovac aşısı etibarlı deyil və bu səbəbdən də Çində bu aşı əhaliyə vurulmur. Tamamilə yalandır. Reallıq budur ki, hələ 2020-ci ilin iyul ayından başlayaraq Çində Sinovac aşısından təcili hallarda istifadəyə start verilib. Dekabr ayından etibarən isə, Çinin bütün vilayətlərində bu aşı kütləvi şəkildə insanlara vurulmaqdadır”, - deyib Çinin İstanbuldakı Baş konsulu Cuy Vei.

Bu arada, Çinin Xəstəliklərin Qarşısınıalma və Nəzarət Mərkəzindən Şao Yiming, “Global Times”a verdiyi açıqlamada deyib ki, Sinovac aşısı barədə mənfi rəy Braziliyada yaradılmağa çalışılır. “Deyirlər ki, Braziliyada aparılan ilkin sınaqlarda Sinovac aşısının etibarlılığı cəmi 50,38 faiz olub. Amma əslində bu ölkədə aşı sınağı tamamilə uyğunsuz şəraitdə aparılıb. Hətta hesablamalarımıza görə, “Sinovac”ın sınaq şəraiti “Pfizer”ə yaradılan şəraitdən 3 dəfə, Moderna aşısı üçün yaradılan şəraitdən isə 6 dəfə riskli olub. Aşının qoruma faizi sadəcə müsbət təsiri ilə deyil, eyni zamanda mövcud infeksiya riski ilə də ölçülür. Braziliyada ən yüngül yoluxma detalları belə nəzərə alınaraq 50,38 faiz qənaətinə gəliblər”, - deyib Şao Yiming.

Pekin Universiteti nəzdindəki xəstəxanadan infeksiya xəstəlikləri üzrə mütəxəssis-həkim Vang Guyqiang bildirib ki, sınaq mərhələsində iştirak edənlər arasında hər hansı mənfi vəziyyət diqqət çəkməyib. "Aşı əsasən yüksək risk altında qalmış tibb işçilərinə vurulub və nəticə budur ki, 100 faiz qoruma təsiri yaradıb. Bu da xəstəliyin yayılma sürətini ən azı 50 faiz azaldaraq yüksək qələbə qazandırıb” deyən V.Guyqiang əlavə olaraq deyib ki, şayiələrdən fərqli olaraq, Braziliyada aparılan sınaqlar 50,38 faiz deyil, 77,96 faiz nəticə verib. Bu da o deməkdir ki, virusdan kifayət qədər ciddi qorunmayan braziliyalıların 78 faizi xəstəxanaya getməyəcək. Onun sözlərinə görə, Sinovac 14 gün fasilə ilə iki dozada tətbiq edilir və ortalama bir Aydan sonar insanda virusa qarşı yetərincə dirəniş yaranır.