Siyasətdə yaş senzi olmur

15:15 05.11.2010
Yazını böyüt
Yazını kiçilt
Builki parlament seçkilərində yaş senzi, yaş çoxluğu yenə gündəmə gəldi. Doğrudur, inzibati qaydada belə bir qadağa yoxdur. Amma hələ ilin əvvəlində hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi bəyan etdi ki, bu seçkilərdə onlar daha çox gənclərə yer verəcəklər. Bu açıqlama sonradan çoxlarını həvəsə gətirdi. Bu gün YAP-dan və müstəqil şəkildə xeyli gənc namizəd seçkidə iştirak edir.
Bütün bunlar yaxşı haldır. Ancaq bir yanlışlıq var. Gənclər seçkiyə qatılan andan elə düşünürlər ki, yaşlı insanları sıradan çıxarmaq lazımdır. Onlara meydan vermək olmaz. Ancaq belə deyil axı! Bu gün ölkədə kifayət qədər yaşlı nəslin nümayəndəsi var ki, onlar ictimai-siyasi proseslərdə fəaldırlar və hələ də Azərbaycanın, dövlətçiliymizin bu insanlara çox ehtiyacı var.
Yazımızın mahiyyəti problemə qlobal baxmağı ehtiva etdiyinə görə konkret ad çəkmək istəmirik. Ümumi şəkildə demək olar ki, bu gün bir sıra seçki dairələrindən ölkənin ictimai-siyasi həyatında kifayət qədər əməyi olmuş insanların, ağsaqqallarımızın namizədliyi irəli sürülüb. Əksəriyyəti şərəfli ömür yolu yaşamış bu insanlara qarşı heç bir irad tapa bilməyən cavan namizədlər alternativlərinin yaşının çoxluğunu hər addımda gözə soxmaqla məşğuldurlar. Əksər ittihamlar belə olur: “Bu qədər yaşı var, gedib evdə nəvələrini oynatmır, deputat olmaq istəyir“. Şübhəsiz, bu açıqlamalar sivil mübarizə yolu deyil.
İTV-dəki canlı debatlara baxanda da hiss olunur ki, ən azı partiyasının adını deyə bilməyən, efirdə hansı cümlələrin işlədilməsinin daha məqsədəuyğun olduğunu ayırd edə bilməyən gənclərdən, illərini ölkənin taleyüklü problemlərinin həllinə həsr edən, şərəfli ömür sürmüş yaşlı namizdələr daha qiymətlidir...
Azərbaycanda siyasətdə yaş həddi, daha dəqiq yaş qadağası çox da uzaq olmayan tariximizdə yaşanıb. Azərbaycan müstəqillik əldə edib, Ayaz Mütəllibov Moskvanın xeyir-duası ilə Azərbaycana prezident vəzifəsinə oturdulanda, konstitusiyada ölkəyə rəhbərlik etmək üçün yaş qadağası qoyulmuşdu, yəni 65 yaşından yuxarı olan adamlar prezident seçilə bilməzdilər.
Şübhəsiz bu qadağa o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyev üçün nəzərdə tutulmuşdu. Hətta bu azmış kimi, konstitusiyada 127-ci maddəyə də dəyişiklik etmək istəyirdilər. Bu maddənin tələbi isə belə idi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tutduğu vəzifəyə görə, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavinidir“.
Ancaq o zaman müxalifətçi deputatların və xalq şairi mərhum Bəxtiyar Vahabzadənin təpkisindən sonra o zamankı hakimiyyətin bu dəyişikliyi etməsi baş tutmadı.
Sonradan bütün çabalara rəğmən mərhum prezident Heydər Əliyev 1993-cü ildə 70 yaşında hakimiyyət başına gəldi. Belə ki, dağılan Azərbaycanı yenidən birləşdirə bildi. Bu gün Azərbaycan dünya siyasi sistemində söz sahibidir. Cənubi Qafqazın isə lider ölkəsi hesab edilir. Neft və qazla bağlı heç bir beynəlxalq layihə Azərbaycansız baş tutmur. 70 yaşlı dövlət xadiminin nə qədər fəal işləməsinin, xarici səfərlərinin bütün cəmiyyət şahidi idi. Mərhum prezident sübut etdi ki, dövlətin başında durmaq üçün yaşın çox olması problem yaratmır. Əksinə, yaşın çoxluğu ahıllıq deməkdir. Ahıl yaşında insan ölkəni və hakimiyyəti daha təcrübəli idarə edə bilir.
Bu, yaş senzinin əhəmiyyətisz olduğunu sübut edən bir faktdır. Hansı ki bu faktı bütün Azərbaycan əhalisi bilir. Çünki ölkə tarixinə aiddir. Xarici ölkələrdə də bununla bağlı misallar kifayət qədərdir. Türkiyədə uzun illər müxtəlif vəzifələrdə olmuş Süleyman Dəmirəl ömrünün ən ahıl çağında baş nazir, sonra isə prezident vəzifələrində oldu. Bu gün də ölkənin siyasi durumu ilə bağlı Türkiyə ictimaiyyəti tərəfindən “Dədə Süleyman“ kimi tanınan bu insanın sözünün çəkisi, əhəmiyyəti var. Hətta o prezident vəzifəsində olduğu 7 ilin sonuncu ilində “Ana Yasa“ya dəyişiklik edib bir daha bu postda qalmaq arzusunun olduğunu açıqcasına ortaya qoymuşdu. Heç kəs deyə bilməz ki, Süleyman Dəmirəlin zamanındakı Türkiyə zəif bir ölkə idi.
Yaş qadağası sevdalılarının diqqətinə bu mövzuda çox nümunələr göstərmək olar. İki nəfərin bu mənada adını qeyd etmək çox vacibdir. ABŞ prezidenti Ronald Reyqan və Böyük Britaniyanın baş naziri Marqaret Tetçer də yaşlı vaxtlarında ölkələrinə rəhbərlik ediblər. Ancaq onların hər ikisinin adı bu gün qırmızı hərflərlə təkcə ABŞ və İngiltərənin tarixində yazılmayıb. SSRİ kimi böyük bir imperiyanı dağıtdıqların görə bu insanların hər ikisini bu gün bütün dünya sevgi ilə xatırlayır. Ən yeni dünyanın tarixinə onların adı böyük hərflərlə düşüb. Hər iki siyasətçi SSRİ-ni dağıdan beynəlxalq planın müəllifləri hesab olunurlar.
Jak Şirakla Fransua Mitteranı da unutmamaq lazımdır. F.Mitteran hətta 81 yaşına kimi Fransanın prezidenti oldu. Onların rəhbərlik etdiyi Fransa isə bu gün bütün dünyada söz sahibidir. ABŞ-ın Avropa siyasətinin qarşısını alan yeganə Avropa ölkəsi Fransadır. Bu duruma Fransanı çatdıran insanlar məhz ard-arda ölkəyə rəhbərlik etmiş Jak Şirak və Fransua Mitteran olub.
Göründüyü kimi, siyasətdə yaş senzi boş və çürük bir söz-söhbətdir. Bu ittihamı yalnız yaşına baxmayaraq, siyasi proseslərdə heç bir izi olmayan adamlar deyə bilər. Çünki onların əlində başqa arqument qalmır. Yalnız böyüklərin üzünə ağ olmaqla yadda qalmağa çalışırlar. Eyni zamanda köhnə, nimdaş stereotiplərdən qurtula bilməyən adamlar yaşlıların üzünə ağ ola bilirlər.
Azərbaycanda məhşur bir deyim var. “Allahsız yerdə otur, böyüksüz yerdə oturma“. Gəlin böyüklərimizə sahib çıxaq. Xüsusən, dəyərli ağsaqqallarımıza.

Ceyhun Nağı
rubrikasından digər xəbərlər