Siyasi məhbus Kurtametin anası Azərbaycan Ombudsmanlrına kömək istədi

09:15 23.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın işğalı altındakı Krımda məhkəmə tərəfindən uydurma saxta iş çərçivəsində 7 il həbs cəzası alan 22 yaşlı Krım tatar siyasi məhbusu Appaz Kurtametin anası Ayşə Kurtamet 2 ilə yaxındır Rusiya tərəfindən haqsız yerə həbsdə saxlanılan oğlunun əsirlikdən xilas edilməsi üçün Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya müraciət edib.

Hafta.az-ın yazdığına görə, Türkiyənin Krımdakı siyasi məhbusların azad edilməsində Ukraynaya kömək etməyə çalışdığını xatırladan Ayşə Kurtamet, Şərəf Malkoçun Rusiya Ombudsmanı Tatyana Moskalkova ilə əlaqələrinin olduğunu və bunun oğluna kömək edə biləcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Ayşə Kurtamet BMT-nin 57-ci Sessiyası çərçivəsində 4 oktyabr 2024-cü il tarixində keçirilən “Açıq Hava Həbsxanasında On il: İşğal olunmuş Krımda İnsan Haqları” adlı tədbirdə BMT ölkələrinin nümayəndələrini yardıma çağırmışdı.

Appaz Kurtamet 2022-ci il iyulun 23-də işğal olunmuş Krımla Xerson vilayəti arasında inzibati sərhəddə yerləşən Çonqar keçid məntəqəsində saxlanılıb. Bundan sonra günlərlə gənc Krım tatarından xəbər olmayıb.

Appaz Kurtamet yoxa çıxandan iki həftə sonra atasına oğlunun təcridxanada saxlanması barədə məlumat verilib və ondan oğlunun oğurlanması ilə bağlı "hay-küy salmamağı" xahiş ediblər. Sonradan məlum olub ki, Appaz Kurtamet Krımda işğalçı qüvvələr tərəfindən saxlanılıb. Oktyabrda Appaz Kurtamet oğurlandıqdan 3 ay sonra məhkəmə onun barəsində haqsız həbs qərarı çıxarıb.

Krım tatar fəalı Elmaz Kırımlı bildirib ki, Appaz Kurtamet Krım batalyonunda xidmət edən dostuna 500 qrivna borc verib. Ruslar buna görə onu “terrorçuluğa sponsorluq”da ittiham ediblər.

Akməscit şəhərində fəaliyyət göstərən qondarma Kiyevski Rayon Məhkəməsinin hakimi Oksana Kraçevskaya 21 yaşlı Kurtameti 2023-cü ilin aprelində "terrorçuluğa sponsorluq etmək"də təqsirli bilib və onu 7 il müddətinə azadlıqdan məhrum edib.

2023-cü ilin noyabrında ruslar Xerson vilayətinin Novooleksiyivka şəhərində yaşayan Appaz Kurtametin atası Xəlil Kurtameti də saxlayıblar.